Accessibility links

Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlı [Video]


Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlı
please wait

No media source currently available

0:00 0:04:52 0:00

800 gün, 4 qitə, 18 ölkə və arxada qalan 25,000 kilometr. Azərbaycanlı velosəyyah Tural Abbasovun çıxdığı dünya səyahətində indiyədək olan nailiyyətini bu rəqəmlərlə ifadə etmək olar. Lakin özü ilə danışanda anlayırsan ki, nailiyyətini bu cansız rəqəmlərlə yox, tanış olduğu mədəniyyətlər, rastlaşdığı çətinliklər və ən əsası qazandığı dostların sayı ilə ifadə etmək daha doğru olardı.

Velosipedlə səyahət etdiyi son iki ili həyatının ən maraqlı dövrü adlandıran Tural, dünyanı tam dövrə etmək məqsədinə nail üçün son mərhələyə - Avropa turuna başlayıb. Bir neçə həftə öncə, onunla Vaşinqtonda görüşmək imkanımız oldu.

T.A.: “İstəyirdim ki, macəra dolu, uzunmüddətli, dünya ətrafında bir səyahət edim. Bu səyahətə artıq bir neçə ildir ki, hazırlaşırdım. Müxtəlif variantları götür-qoy edirdim. Açığı deyim ki, ilk öncə velosipedlə səyahət etmək fikrim yox idi. Mən istəyirdim, sadəcə “backpacker” kimi, avtostopla, digər nəqaliyyat vasitələrilə, amma mütləq özüm, mütləq macəralı tərzdə səyahət edim. Sonra isə mənim velosipedə olan məhəbbətim və digər velosəyahətçilərin təcrübəsilə tanış olandan sonra belə bir qərara gəldim ki, bu səyahəti məhz velosipedlə edim. Çünki velosiped sürmək mənim çoxdankı hobbimdir. Bu işi çox sevirəm. Və doğrudan da velosiped təkərli ev ola bilər. Yəni bizim yaşamağımız üçün lazım olan ən minimum şeylər - çadır, yataq dəsti, qida, su, pal-paltar və digər zəruri şeylər. Bütün bunların hamısı çox asanlıqla bir velosipedə sığa bilir.”

Tural deyir ki, bu cür iddialı velosəyahətə çıxmaq üçün xüsusi fiziki hazırlığa ehtiyac yoxdur. Sağlamlıq imkan verirsə, bunu hər kəs edə bilər. Amma, onu da əlavə edir ki, əsas çətinlik uzunmüddətli veloyürüşə psixoloji hazırlıqlı olmaq, öyrəşdiyin komfortlu həyatdan və yaxınlarından uzaq olacağını dərk etməkdir.

T.A.: “Bu məsələni çox dərindən düşünüb və düşünəndən sonra qərar vermək lazımdır. Sən özünə tam hesabat verməlisən ki, sən bu rahatlığı, dostları, komfortu, sevdiyin insanları, qohumları tam qoyursan evdə və macəralar doğru tam naməlum həyata doğru yola çıxırsan. Bunu edərkən, bunun tam məsuliyyətini anlamaq lazımdır. Özünə hesabat verməlisən ki, sən bunu niyə edirsən və nə məqsədlə edirlər. Əgər belə bir məqsədin yoxdursa, yolda çətinlikləri görəndən sonra səndə psixoloji sınma əmələ gələ bilər və yarı yolda, hər şeyi atıb, evə qayıtmaq istəyə bilərsən. Bu da çox böyük psixoloji zərbə ola bilər. Ən çətini bu idi.”

Bu səyahət zamanı bəşəriyyətə inamının artdığını deyən Tural əlavə edir ki, hara getməyindən asılı olmayaraq, müxtəlif ölkələrdə tanımadığı insanlardan təmənnasız yaxşılıq və dəstək görüb. Amma, onu da deyir ki, səyahət vaxtı təhlükəni də məhz elə insanlardan hiss edirsən.

T.A.: “Mən nə qədər boş yerləri, sivilizasiyadan uzaq yerləri gəzmişəmsə, heç bir yerdə heç bir vəhşi heyvanın hücumuna məruz qalmamışam. Heç görməmişəm də vəhşi heyvanları. Təhlükəni hiss etdiyim yerlər böyük şəhərlərdə idi və o da, insanlardan gəlirdi.”

Səyahətini öz bloqu və sosial şəbəkədəki səhifəsi vasitəsilə mütamadi olaraq təsvir edən Tural, izləyicilərindən aldığı məktubları cavablandırmaqdan zövq aldığını gizlətmədi. Çünki, arzularından biri Azərbaycanda velosipedə həvəsi olan, veloyüyüşə çıxan insanların sayının çox olmasıdır.

XS
SM
MD
LG