Amerika Dövlətləri Baş Assambleyası özünün illik yığıncağını bazar ertəsi axşam saatlarında Meksikanın Kankun şəhərində açdı və diqqət mərkəzində Venesueladakı siyasi və iqtisadi böhran məsələsi oldu.
Amerika Dövlətləri Baş Assambleyasının baş katibi Luis Almarqo prezident Nikolas Maduronun hakimiyyəti dövründəki Venesuelada qanunvericilik, məhkəmə sistemi və insan azadlığının vəziyyətini pislədi.
Hökumətə qarşı iki aydan çoxdur davam edən nümayişlər zamanı etirazçılar Madurodan seçkilərin keçiriləcəyi günü təyin etməsini, siyasi məhbusların azad edilməsini və yardım təşkilatlarının ölkəyə ərzaq və dərman gətirməsinə icazə verməsini tələb edir.
Meksikanın xarici işlər naziri Luis Videqaray Cənubi Amerikanın bu ölkəsində vəziyyətin stabilləşməsi ilə bağlı Amerika Dövlətləri Baş Assambleyasının əldə edəcəyi razılığı dəstəkləməyə hazır olduğunu bildirib.
34 üzvü olan Amerika Dövlətləri Baş Assambleyası ötən ay Vaşinqtonda Venesuela məsələsini gündəmə gətirsə də nəticə əldə edilməmişdi.