Accessibility links

ABŞ Venesuelaya iqtisadi sanksiyalar tətbiq edib


ABŞ Venesuelada Nikolas Maduronun qələbəsi ilə nəticələnən prezident seçkilərini saxta adlandıraraq, o ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Prezident Donald Tramp bir zamanlar dünyada ən böyük neft istehsal edən ölkələrdən biri olan Venesuela ilə ABŞ-ın neft ticarətini yasaqlayan sərəncama imza atıb.

Maduro rejimi azad, ədalətli və şəffaf seçkilər yolu ilə demokratiyanı bərpa etməsə, beynəlxalq ictimaiyyətdən təcrid olacaq

Karakas sanksiyaları kəskin tənqid edib.

Venesuelanın xarici işlər naziri Jorj Arreaza müxbirlər qarşısında sanksiyaların tətbiqinin tamamilə qanunsuz, ağılsızlıq, vəhşilik və beynəlxalq qanunlara zidd olduğunu deyib.

​Ağ Ev bildirib ki, son sanksiyalar korrupsiya yolunun kəsilməsi mahiyyəti daşıyır.

ABŞ dövlət katibi Mayk Pompeo Maduronun yenidən prezident seçilməsini Venesuela konstitusiyası və demokratiyasına zərbə adlandırıb. O deyib ki, Maduro rejimi azad, ədalətli və şəffaf seçkilər yolu ilə demokratiyanı bərpa etməsə, beynəlxalq ictimaiyyətdən təcrid olacaq.

Pompeo bəyan edib ki, ABŞ Venesuela xalqına dəstək verən demokratik ölkələrlə bərabər mövqe tutur və demokratiyanın bərpası üçün iqtisadi və diplomatik ölçülərini davam etdirəcək.

Venesuelanın hazırkı prezidenti Nikolas Maduro bazar günü keçirilən seçkilərdən sonra ikici dəfə altı illik prezidentlik müddətinə seçilib.

Müxalifət seçkiləri dikatorun “tacqoyma” mərasimi adlandıraraq, boykot elan edib. Beynəlxalq ictimaiyyət isə seçkilərlə bağlı tənqidlərini ifadə edib.

55 yaşlı keçmiş avtobus sürücüsü Maduronun qələbəsi Venesuelada dərinləşən böhran fonunda baş verib. Böhran nəticəsində ölkədə ərzaq qıtlığı yaranıb, inflasiya səviyyəsi sürətlə artıb və neft istehsalı aşağı düşüb.

Maduro ölkə paytaxtı Karakasda bayram edən dəstəkçilərinə “tarixi nəticə” əldə etdiklərini bildirib.

Maduronun əsas rəqibi keçmiş qubernator Henri Falkon idi. Lakin seçki yarışında Maduro əleyhinə ikinci namizəd, yevangelist keşiş Havyer Bartuççinin iştirakı Falkonun şanslarını xeyli zəiflətdi.

Bazar günü çıxış edən Falkon bildirib ki, onlar seçki prosesinin legitimliyini tanımırlar: “Bu, seçki deyildi. Biz Venesuelada yeni seçkilər keçirməliyik.”

Bertuççi də yeni seçkilər çağırışı edib.

Avropa İttifaqı və Latın Amerikası ölkələri sanksiyalara qoşula bilər.

XS
SM
MD
LG