Accessibility links

Venesuela liderinin ikinci dəfə prezident seçiləcəyi gözlənilir


Venesuela prezident Nikolas Maduro bazar günü keçirilən seçkilərdən ikici dəfə altı illik prezidentlik müddətinə seçiləcəyi gözlənilir. Müxalifət seçkiləri dikatorun “tacqoyma” mərasimi adlandıraraq, boykot elan edib. Beynəlxalq ictimaiyyət də seçkilərlə bağlı narahatlıqlarını ifadə edib.

55 yaşlı keçmiş avtobus sürücüsü Maduronun Venesuelada dərinləşən böhranın fonunda yenidən qalib gələcəyi gözlənilir. Böhran nəticəsində ölkədə qida qıtlığı yaranmış, inflasiya səviyyəsi sürətlə artmış və neft istehsalı aşağı düşmüşdür.

Maduronun əsas rəqibi keçmiş qubernator Henri Falkondur. Lakin seçki yarışında Maduro əleyhinə ikinci namizəd, evangelist pastor Xavyer Bartuççinin iştirak etməsi Falkonun şanslarını xeyli zəiflədib.

Maduronun qələbəsi ölkəyə qarşı daha çox sanksiyanın tətbiq edilməsinə səbəb ola bilər. Buraya ABŞ hökumətinin tətbiq edə biləcəyi neft sanksiyaları daxildir. Avropa İttifaqı və Latın Amerikası ölkələri də sanksiyalara qoşula bilər.

Özünü Uqo Çavezin oğlu adlandıran Maduro şənbə günü deyib ki, o, sosializmi məhv etmək və ölkənin neft sərvətini əlindən almaq istəyən “imperialist” ABŞ-a qarşı mübarizə aparır.

Cümə günü Tramp administrasiyası Maduronun əsas müttəfiqlərindən biri olan, sosialist partiyasının rəhbəri Diosdado Kabellonu narkotik maddələrin daşınmasında, o cümlədən mənimsəmədə ittiham edərək, onu maliyyə sanksiyaları tətbiq edilən rəsmilərin siyahısına əlavə edib.

Maduronun rəqibləri deyirlər ki, solçu lider vaxtılə zəngin iqtisadiyyata malik olan Venesuelanı məhv edib. Sorğular cəmiyyətin böyük əksəriyyərinin artan problemlərə görə Maduronu günahlandırdığını bildirir.

Son illərdə 1 milyondan çox venesuelalı daha yaxşı həyat üçün ölkəni tərk edib. Ölkədə qalanlar isə subsidiyalaşdırılmış qidanı almaq üçün saatlarla növbədə dayanmalı olur.

XS
SM
MD
LG