Venesuelada getdikcə daha çox güclənən müxalifət hərəkatının lideri Xuan Quaydo insanları şənbə günü ölkənin hər bir şəhərində küçələrə çıxaraq, etirazlara qoşulmağa çağırıb. Bu etirazlarla müxalifət prezident Nikolas Maduroya təzyiq göstərərək, onu istefaya məcbur etməyə çalışır.
Narazılıqların hədəfi olan Maduronun sosialist hökuməti isə öz növbəsində sadiq dəstəkçilərini bayraqlarla küçələrə axışaraq, Uqo Çavesin rəhbərlik etdiyi “Bolivar İnqilabı”-nın 20 illiyini qeyd etməyə çağırıb.Hər iki tərəfin ölkədə siyasi böhran nəticəsində artan gərginliyin ikinci həftəsində keçirilən nümayişləri müxalifətlə təhlükəsizlik qüvvələri arasında potensial qarşıdurmaya səbəb ola bilər.
Hərəkata rəhbətlik edən parlament sədri Quaydo Meksika və Uruqvay prezidentlərinin Maduro ilə danışıqlar aparılmasına təkliflərini rədd edib. Yazdığı məktubda Quaydo hər iki prezidentə Venesueladakı mübarizəyə dəstək verməyə çağırıb və əlavə edib ki, bu hadisələr zamanı neytral mövqe sərgiləmək Maduroya dəstək nümayişidir:
“Bizim ölkəmizin yaşadığı bu tarixi məqamda neytral olmaq yüz minlərlə insanı səfalətə, aclığa, sürgünə və hətta ölümə sürükləyən rejimin tərəfində olmaq deməkdir.”
Venesuela generalı Quaydonu prezident kimi tanıyıb
Venesuelanın yüksək vəzifəli hava qüvvələri generalı prezident Nikolas Madurodan imtina etdiyini və müxalifət lideri Xuan Quaydonu ölkənin keçid prezidenti kimi tanıdığını bəyan edib.
Twitter vasitəsilə şənbə günü yayılan video bəyanatda hava qüvvələrinin baş komandanlığının üzvü, general Fransisko Yanez, ordunun digər üzvlərini də eyni addım atmağa çağırıb. Baş komandanlığın vebsəhifəsində Yanez hava qüvvələrinin strateji planlaşdırma üzrə rəhbəri kimi qeyd edilib.
Baş komandanlığın Twitter hesabında isə general xəyanətdə ittiham edilib. Yanez, 23 yanvar tarixində özünü prezident elan edən Quaydonu tanıyan ilk fəal generaldır.
Video müraciət müxalifət fəallarının ölkə boyu küçələrdə nümayişə çıxmağa hazırlaşdığı zaman yayılıb. Müxalifət ümid edir ki, bu etirazlarla Maduro təzyiq edərək, onu istefaya məcbur edə biləcəklər.
Vaşinqton Quaydonu legitim prezident kimi tanıyıb. Maduronun tənqidçiləri Avropa ölkələrinin də eyni addım atacağına ümid edir. Bəzi Avropa İttifaqı ölkələrinin növbəti həftə Quaydonu prezident kimi tanıyacağı gözlənilir.