Accessibility links

Mikayıl Cabbarov: Vergidə korrupsiyanın kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik


Mikayıl Cabbarov

"Bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir”. Bu barədə vergilər naziri Mikayıl Cabbarov fevralın 13-də “Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda bildirib.

APA agentliyinin məlumatına görə, Cabbarov deyib ki, belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir.

Vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir.

Nazir qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.

"Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir", o vurğulayıb.

Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək.

"Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq".

Onun fikrincə, vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır.

“Vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O, biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir. Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birinci müsbət qarşılanırsa, ikincisini cinayət sayırıq və onun cəzasının qaçılmaz olduğunu təmin etmək üçün əlimizdən gələni edəcəyik".

Nazir qeyd edib ki, bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir.

"Bu vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərin olduğunu əks etdirməklə bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcək. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. İzahat işi aparacağıq ki, qanuna riayət etməklə yaşamaq daha sərfəli və şərəflidir, nəinki qanunu pozmaqla yaşamaq. Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı hüquqları da var. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır", Mikayıl Cabbarov vurğulayıb.

Nazir qeyd edib ki, prezident İlham Əliyevin apardığı siyasət Cənubi Qafqaz regionunda Azərbaycanın liderliyini təmin edir.

Sahibkardan qanuna riayət olunmasını tələb etmək üçün Vergilər Nazirliyinin onunla münasibətdə fəaliyyəti sui-istifadə hallarının istisna edilməsi prinsipi üzərində qurulmalıdır.

"Lakin biz nəzərə almalıyıq ki, regionun digər dövlətləri xarici və Azərbaycan investorlarının sərmayələrinin cəlb edilməsi uğrunda rəqabət aparırlar, xüsusilə bu qeyri-neft sektoruna aiddir. Sahibkardan qanuna riayət olunmasını tələb etmək üçün Vergilər Nazirliyinin onunla münasibətdə fəaliyyəti sui-istifadə hallarının istisna edilməsi prinsipi üzərində qurulmalıdır. Təbii ki, qanuna riayət etməyən və yaxud maraqlarına uyğun gələndə qanunu yada salan vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir. Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bu gün yalnız onu deyə bilərəm ki biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapını döyməsinə hazır olun. Əgər Siz hesab edirsiniz ki mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir. Dövlətin, vətəndaşın və sahibkarın maraqları bir-birinə uyğun gəlməlidir. Qanunu eyni cür və bütün vergi ödəyicilərinə tətbiq etmədən qanunçuluğa əməl edilməsini və iqtisadiyyatının inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən hətta ən kiçik güzəştlər bütün iqtisadiyyatın rəqabətliliyinə təsir göstərir və işğuzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə vergilər naziri və vergi işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacib olmalıdır. Məhz buna görə hər bir xərclədiyimiz manat leqal iqtisadiyyatda dövriyyə etməlidir", nazir qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG