Accessibility links

Qubad İbadoğlu: Vergi dərəcələrinin artımı qiymətləri bahalaşdıracaq


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

İqtisad elmləri doktoru Qubad İbadoğlu son günlər “Vergi Məcəlləsi”nə dəyişikliklərlə bağlı parlamentdə aparılan müzakirələrə Facebook səhifəsində münasibət bildirib. Ekspert vergi dərəcələrinin artırılmasının qiymətlərin bahalaşmasına gətirib çıxaracağını bildirir. Onun şərhini təqdim edirik.

“Vergi Məcəlləsi”nə dəyişikliklərlə bağlı qanun layihəsi parlamentin müzakirəsindədir. Gözlənilir ki, növbəti ildən bəzi sahələrdə fəaliyyət göstərən təsərrüfat subyektləri üçün sadələşdirilmiş verginin dərəcələri artırılsın. Dəyişikliyə əsasən sadələşdirilmiş vergini ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar dövriyyəsinin 6 faizi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar isə dövriyyəsinin 8 faizi səviyyəsində ödəməlidirlər. Belə olan halda gələn ildən bu növ vergi öhdəliyi ticarətçilər üçün 1,5 dəfə, restoran-kafe işlədənlər üçün isə 2 dəfə yüksək olacaq. Bu isə şübhəsiz ki, xərc artımı kimi satışın qiymətində, xidmətin dəyərində maddiləşəcək və həm ticarətdə, həm də ictimai iaşədə qiymətlərin bahalaşmasına gətirib çıxaracaq.

Azərbaycanla oxşar vəziyyətdə olan bir çox ölkələrdə sadələşdirilmiş verginin bu forması özünü doğrultmadığından ondan imtina edirlər. Çünki, kiçik sahibkarlıq subyektlərində kassa uçotu və hesabatların aparılması üçün çəkilən məsrəflər inzibatçılıq baxımından sərfəli olmur. Buna görə də digər ölkələrdə kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilmiş verginin başqa növləri də tətbiq olunur. Belə ki, beynəlxalq təcrübədə sadələşdirilmiş vergi rejiminin “razılaşdırılmış vergi”, “şərti vergi”, “patent”, “minimal vergi” kimi formaları daha geniş yayılıb. Praktikada “şərti vergi”nin ən geniş yayılmış formasından biri verginin “patent” şəklində ödənilməsidir. “Patent” vergisinin ödənilməsi, əsasən, kiçik sahibkarlar subyektləri, o cümlədən fərdi sahibkarlar tərəfindən həyata keçirilir. Patentin dəyəri isə təsərrüfat subyektinin dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, konkret fəaliyyət sahəsi üzrə müəyyən edilir. Fərdi və xırda sahibkarlar üçün patent vergi sisteminin (PVS) tətbiqinin əsas məqsədi kiçik biznesin inkişafı və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır.

Biz tərəfdən təklif olunan patent vergi sistemi vergi hesabatları ilə bağlı prosedurların sadələşdirilməsini nəzərdə tutur. Bu sistemdə kassa və mühasibat uçotu aparılmasına və gəlir bəyannaməsinin təqdim olunmasına ehtiyac qalmır. Bundan başqa təsərrüfat subyektləri üçün PVS-nə keçid və əvvəlki sistemə (geriyə) qayıdış könüllüdür. PVS-nin tətbiqinin üstünlüklərindən biri də bu vergini ödəyənlərin digər vergi öhdəliklərindən azad olmasıdır. PVS-nin qəbul edən sahibkarlar fiziki şəxslərin gəlir vergisini, fiziki şəxslərin əmlak vergisini, ƏDV-ni ödəməkdən azad olunurlar.

Sadəlik və şəffaflıq patentin hesablanmasının əsas formuludur. Əgər kiçik sahibkarlar, fərdi şəxslər illik (rüblük, aylıq) patent alarsa, o halda vergi orqanları həmin fərdi sahibkarın gəlir və xərclərinə nəzarət etmir, bu halda da sahibkarlarla vergi müfəttişlərinin ünsiyyətləri aradan qaldırılır.

Bu vergi növu Rusiyada,Qazaxıstanda, Qırğızıstanda son illər geniş tətbiq olunaraq özünü doğrultmaqdadır. Həmin ölkələrdə əldə edilən uduşlardan biri də bu növ vergini ödəyən sahibkarların fəaliyyətinə vergi orqanlarının müdaxiləsinin aradan qalxmasıdır. Çünki, qanuna görə vergi ödəyicisinin patenti varsa onu vergi orqanı yoxlaya bilməz. Odur ki, PVS-ə keçid Azərbaycanda kiçik sahibkarlığin və fərdi sahibkarların inkişafına mane olan inzibati baryerlərin, haqsız müdaxilələrin və əsassız yoxlamaların azalmasına gətirib çıxara bilər.

XS
SM
MD
LG