Accessibility links

Vergilər naziri: “İri topdansatış müəssisələrində 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkar edilib”


“2018-ci ildə iri topdansatış müəssisələrində aparılan vergi nəzarəti zamanı 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkar edilib.”

AZƏRTAC dövlət agentliyinin məlumatına görə, bu barədə Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda deyib.

Mağaza
Mağaza

“2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz olaraq qalır. Bu, ilk növbədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərdir. Vergi orqanlarının keçən il iri topdansatış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir,” nazir bildirib.

Cabbarov eyni zamanda deyib ki, 2018-ci ildə hər 1000 vergiödəyicisinin cəmi dördündə səyyar vergi yoxlaması aparılıb.

“Bu yoxlamalar 0,4 faiz göstərici deməkdir,” o qeyd edib.

Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı elmi və statistik araşdırmalar aparılmır. Ekspertlər son illər bir qayda olaraq ölkədə kölgə iqtisadiyyatının səviyyəsini ümümudaxili məhsula nisbətdə 50 faizdən çox olduğunu bildirir.

Vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub.
Mikayıl Cabbarov, vergilər naziri

Bununla yanaşı, beynəlxalq hesabatlarda da Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi yüksək qiymətləndirilir.

Beynəlxalq Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının 2017-ci ildə dərc etdiyi (ACCA) qlobal kölgə iqtisadiyyatının qiymətləndirmə və inkişaf proqnozuna görə, Azərbaycanda qeyri-formal iqtisadiyyatın payı ÜDM-in 67%-nə çatır ki, bu da dünya təcrübəsində qeydə alınandan təxminən üç dəfə çoxdur.

Beynəlxalq Valyuta Fondunun "Kölgə iqtisadiyyatları: Son 20 ildə nə öyrəndik" adlı hesabatına görə, Azərbaycanda "kölgə iqtisadiyyatı"nın 1991-2015-ci illərdə orta göstəricisi 52,19% təşkil edib.

158 ölkə üzrə aparılan araşdırmanın nəticələrinə əsasən, Azərbaycanda "Kölgə iqtisadiyyatı"nın payı 1991-ci ildə 54,69% təşkil edib. 1994-cü ildə maksimal həddə - 64,66%-ə yüksələn bu göstərici, daha sonra azalaraq 2014-cü ildə 25 illik araşdırma dövrünün minimal həddi - 42,15%-ə enib. 2015-ci ildə həmin göstərici 43,66%-ə yüksəlib.

2019-cu il yanvarın 11-də Azərbaycan Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev bildirib ki, əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər nəticəsində (keçmiş vergilər naziri Fazil Məmmədov nəzərdə tutulur-red) vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu.

Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik.
İlham Əliyev, Azərbaycan prezidenti

“Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır.”

Prezident deyib ki, aparılan islahatlar nəticəsində 2018-ci ildə gömrük 1 milyard manat əlavə vəsait toplayıb.

“Eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır,” Əliyev qeyd edib.

Vergilər naiziri Mikayıl Cabbarov prezidenti çıxışından sonra ticarət sahəsində çalışan aparıcı şirkətlərin rəhbərləri ilə görüşündə bildirib ki, `kölgə iqtisadiyyatı`nda fəaliyyət göstərmək düzgün və davamlı yol deyil, `ikili` hesabatlıq təkcə vergitutma baxımından deyil, həm də müəssisələrin hesabatlılığı, kapitallaşması, investisiya cəlb etməsi və bank resurslarına çıxışı baxımından da çətinliklər və məhdudiyyətlər yaradır.

Nazir ticarət sektorunun ÜDM-in formalaşmasında xüsusi çəkiyə malik olduğunu qeyd etməklə yanaşı bildirib ki, `kölgə iqtisadiyyatı`nın elementlərinə daha çox rast gəlinən sahələrdən biri də, məhz ticarət şəbəkəsidir.

"Kölgə iqtisadiyyatı"nın elementlərinə daha çox rast gəlinən sahələrdən biri də, məhz ticarət şəbəkəsidir.
Mikayıl Cabbarov, vergilər naziri

“Mal dövriyyələrinin sənədləşməsi və mühasibatlığın düzgün aparılması mövcud olan ciddi nöqsanların aradan qaldırılması vacibdir. Vergi orqanlarının məqsədi sanksiyaların tətbiqi deyil, dövriyyələrin leqallaşması, hamının bərabər, leqal şərtlər əsasında işləməsidir,” nazir qeyd edib.

Nazir hesab edir ki, “Vergilər Məcəlləsi”nə edilən son dəyişikliklər iqtisadiyyatın leqallaşmasına, `kölgə iqtisadiyyatı`nın azalmasına gətirib çıxaracaq.

2018-ci ilin dekabrında Milli Məclis “Vergilər Məcəlləsi”nin 300-dən çox maddəsinə dəyişiklik edib.

Azərbaycanda vergi qanunvericiliyi sıfırdan yazılmalıdır. Çox böyük həcmli vergi qanunvericiliyi var, 320 maddədən yuxarıdır.
Natiq Cəfərli, ekspert

Ekspertər hesab edir ki, “Vergi Məcəlləsi”nə yeni dəyişkilər `kölgə iqtisadiyyatı`nın aradan qaldırlmasına ciddi təkan verə bilməyəcək.

“Bunun üçün ümumiyyətlə Azərbaycanda vergi qanunvericiliyi sıfırdan yazılmalıdır. Çox böyük həcmli vergi qanunvericiliyi var, 320 maddədən yuxarıdır, qalın bir kitab şəklindədir. Bu biznesin işini çətinləşdirir, çünki bir-birinə zidd olan maddələr, iş adamlarının anlamadığı dildə yazılmış maddələr var. Vergi qanunvericiliyndə olan bir çox maddələr ya Rusiyadan ya da Avropanın bəzi ölkələrindən köçürülmə qaydası ilə tərtib olunub. Ona görə də, bir-birinə uyğunsuzluq var. Düşünürəm ki, sıfırdan, yenidən vergi məcəlləsinin yazılmasına ehtiyac var. Çünki bundan öncə, son iki ildə vergi qanunvericiliyinə heç bir müzakirə olunmadan 200-ə yaxın dəyişiklik qəbul olunub,” iqtisadçı Natiq Cəfərli “Vergilər Məcəlləsi”nə dəyişiklikləri şərh edərkən Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG