ABŞ-ın Vitse-Prezidenti Kamala Harris Fransa Prezidenti Emmanuel Makron ilə telefon söhbətində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq olduğunu ifadə edib. Bu barədə Ağ Evin bazar ertəsi verdiyi bəyanatda bildirilir.
“Vitse-Prezident Harris və Prezident Makron COVID-19, iqlim dəyişikliyi, ölkədə və dünyada demokratiyanı dəstəkləmək üçün sıx ikitərəfli və çoxtərəfli əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər” - deyə bəyanatda qeyd olunub.
Prezident Co Bayden yanvarın 20-də vəzifəyə başladığından bəri onun administrasiyası qlobal mövzularda müttəfiqləri ilə əlaqələrini bərpa etməyə başlayaraq, “Amerika birincidir” siyasətini müdafiə edən sabiq Prezident Donald Trampın yanaşmasından kəskin şəkildə uzaqlaşır.
Baydenin inaqurasiyasından bəri bir neçə həftə ərzində ABŞ yenidən Ümumdünya Səhiyyə Təşkilatına qayıdıb və Paris iqlim razılaşmasına qoşulub.
Bu, Harrisin vəzifəyə gəldiyi gündən bəri dünya lideri ilə etdiyi ikinci telefon söhbəti olub və Kaliforniyadan keçmiş ABŞ senatoru olan Harrisin Bayden administrasiyasında xarici siyasət sahəsində rol oynaya biləcəyinə işarədir. Bu ayın əvvəlində Harris Kanadanın Baş Naziri Castin Trudo ilə danışmışdı, bu, onun Vitse-Prezident kimi xarici ölkə lideri ilə ilk telefon söhbəti idi.
Ağ Evin açıqlamasına görə, Harris və Makron Yaxın Şərq və Afrikada regional iğtişaşlara qarşı mübarizənin vacibliyi barədə razılığa gəliblər.
Harris Makronu "gender bərabərliyi mövzusunda liderliyi və Fransanın NASA-nın Marsa 2020 kosmik missiyasında töhfəsinə görə" yüksək qiymətləndirib.
Bu, Baydenin vəzifəyə başladığı vaxtdan Vaşinqton və Paris arasında aparılan ikinci telefon söhbətidir və Fransada keçiriləcək prezident seçkilərində potensial olaraq Makrona dəstək kimi qiymətləndirilir. Makron COVID-19 böhranı və Fransa iqtisadiyyatının zəif idarə olunması ilə yanaşı islamçı ekstremistlər tərəfindən terrorizmə qarşı mübarizədə uğursuzluğuna görə tənqid olunur.
Makron uzun müddətdir rəqibi olan Marin Le Pen tərəfindən ciddi müqavimətlə ilə üzləşir.