Accessibility links

Vitse-Prezident Kamala Harris Fransada səfərdədir


Vitse-prezident Kamala Harris ABŞ-ın ən qədim müttəfiqi ilə gərginləşmiş münasibətləri yaxşılaşdırmaq məqsədi ilə çərşənbə axşamı Fransaya dörd günlük səfərə başlayıb.

İki ölkə arasındakı münasibətlər sentyabr ayından bəri tarixi minimuma enib. Buna səbəb isə ABŞ və Britaniyanın köməyi ilə Avstraliyanın nüvə sualtı gəmiləri inşa etməsi ilə bağlı razılığa gəlməsindən sonra Fransadan sualtı gəmilərin alınması nəzərdə tutulan 65 milyard dollarlıq müqavilədən imtina edilməsi olub.

Kamala Harris Prezident Emmanuel Makronla görüşəcək. Emmanuel Makron keçən ay Romada ABŞ prezidenti Co Baydenlə məsələni müzakirə etmişdi.

Harris əvvəlcə iki ölkə arasında uzunmüddətli elmi mübadilələr olduğunu vurğulamaq məqsədi ilə Pasteur İnstitutunu ziyarət edəcək. O, qlobal miqyasda COVID-19 ilə mübarizə aparan fransalı və amerikalı alimlərlə görüşəcək. Onun anası 1980-ci illərdə bu institutun alimləri ilə döş xərçəngi ilə bağlı araşdırma aparıb.

"Fransada olmaq çox gözəldir" deyən Harris əlavə edib ki, "münasibətlərimizi gücləndirmək üçün çox-çox məhsuldar müzakirələrin baş tutacağını gözləyirəm".

Cümə axşamı o həmçinin Birinci Dünya Müharibəsinin başa çatması ilə bağlı Sülh Günü mərasimi üçün Suresnes Amerika Qəbiristanlığını da ziyarət edəcək.

Harris cümə axşamı Paris Sülh Forumunda və gələn ay bu ölkədə baş tutacaq seçkilər öncəsi Liviya zirvə toplantısında da Bayden administrasiyasını təmsil edəcək.

XS
SM
MD
LG