Accessibility links

Vladimir Putin Dəməşqdə Bəşar Əsədlə görüşüb


Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Dəməşqdə Suriya prezidenti Bəşar Əsədlə görüşüb. Bu, Rusiyanın Suriyadakı vətəndaş müharibəsinə qətiyyətlə müdaxilə etməsindən bəri Rusiya liderinin Suriyaya ikinci səfəridir.

Səfər Əsədin digər əsas hərbi müttəfiqi olan İranın yüksək rütbəli generalın öldürülməsinə görə Birləşmiş Ştatlardan qisas alınacağını bildirməsindən sonra regionada gərginliyin artdığı bir vaxta təsadüf edir.

İranın Yaxın Şərqdəki hərbi əməliyyatlarının memarı və Suriyada vətəndaş müharibəsində əsas fiqurlardan biri olan Qasım Süleymani cümə günü Suriyadan İraqa gəldiyi zaman Bağdad hava limanında Birləşmiş Ştatların pilotsuz təyyarəsinin hava hücumu nəticəsində öldürülüb.​

Rusiya və İran Əsədə təxminən doqquz il əvvəl başlayan vətəndaş müharibəsi zamanı onu devirməyə çalışan üsyançıların ələ keçirdiyi bütün əraziləri geri almağa yardım edib.

İnterfaks xəbər agentliyi Kremlə istinadən xəbər verib ki, Putin Suriyada dövlətçiliyin bərpası üçün çox işlər görüldüyünü deyib, Əsəd isə Putinə Suriyada dinc həyatın bərpa olunmasında göstərdiyi yardıma görə təşəkkür edib. Putinin səfər zamanı Suriyadakı bir neçə obyektə baş çəkəcəyi bildirilib.

Suriyanın dövlət SANA xəbər agentliyi Putinin gülümsəyərək, Əsədin əlini sıxdığı bir foto-şəkil yayımlayıb və onların birlikdə Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanının hesabatını dinlədiklərini bildirib.

XS
SM
MD
LG