Accessibility links

Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Nikol Paşinyan telefonla danışıb


Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışıqları zamanı münaqişə bölgəsində Sülhməramlı Monitorinq Mərkəzinin yaradılması, nəqliyyat kommunikasıyalarının açılması və humanitar durum müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladığı birgə bəyanatla Azərbaycan və Ermənistan qoşunlarının hərbi əməliyyatlarının dayandırılması barədə razılıq əldə edilib.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbiçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qanunda deyilir ki, Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyə və Rusiyanın Birgə Monitorinq Mərkəzi qurulacaq.

“Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur, bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır,” Türkiyə Böyük Millət Məclisinin Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı qəbul etdiyi qanunda deyilir.

Noyabrın 24-də axşam Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı zamanı məsələ müzakirə mövzusu olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin və Ərdoğan Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli Bəyanatında əksini tapmış razılaşmaların həyata keçirilməsinin gedişatını “ətraflı və bütün aspektlərdə” müzakirə edib.

Vladimir Putin “atəşkəs rejiminə riayət olunmasını və mülki əhalinin təhlükəsizliyini səmərəli şəkildə təmin edən” Rusiya sülhməramlılarının fəaliyyəti haqqında məlumat verib. Həmçinin qaçqınların qayıtması, infrastrukturun bərpa edilməsi, dini və mədəniyyət obyektlərinin qorunub saxlanılması ilə bağlı təxirəsalınmaz humanitar problemlərin həllinin ön planda olduğu vurğulanıb.

Tərəflər atəşkəsə və münaqişə zonasında bütün hərbi əməliyyatlara Monitorinq Mərkəzinin yaradılması üzrə işlər haqqında fikir mübadiləsi aparıb.

“Hər iki tərəf regionda sabitliyin təmin edilməsinə və dinc həyat qurulmasına yönəlmiş qərarların ardıcıl və tam şəkildə yerinə yetirilməsi zərurətini qeyd edib” - deyə, məlumatda bildirilir.

Bununla yanaşı Dağlıq Qarabağ regionuna Rusiyanın humanitar yardım fəaliyyəti davam etdirilir. Noyabrın 24-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon söhbəti zamanı humanitar məsələləri müzakirə edib.

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağ bölgəsindəki işi və əhaliyə humanitar yardımın göstərilməsi üçün gələcək addımlar nəzərdən keçirilib.

Bölgədəki iqtisadi qarşılıqlı əlaqə və nəqliyyat kommunikasiyalarının bərpası məsələlərinə toxunulub,” Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, humanitar yardımın ikinci karvanı Dağlıq Qarabağa çatdırılıb. Humanitar yükə yaşayış binalarının və sosial əhəmiyyətli obyektlərin bərpası üçün tikinti materialları da daxildir.

Belə ki, 30 yük avtomobili vasitəsi ilə 300 ton yardım gətirilib. Yüklərin bir hissəsi Şuşa şəhərində, digər hissəsi isə Xankəndində boşaldılıb.

Ümumilikdə humanitar yardım xidməti üçün regiona 35 texnika və 40-a yaxın işçi qüvvəsi cəlb edilib.

Rusiya Müdafiə Nazirliynin məlumatına görə, bu gün, noyabrın 25-də isə Rusiya sülhməramlı kontingentinə və yerli əhaliyə xidmət edəcək Şərq Hərbi Dairəsinin xüsusi təyinatlı tibb hissəsinin qüvvələri və texniki vasitələri Dağlıq Qarabağa göndərilib.

Tibbi heyətə həkimlər, orta və kiçik tibb heyətləri daxildir.

Şərq Hərbi Dairəsinin xüsusi təyinatlı tibbi dəstəsini Dağlıq Qarabağdakı sülhməramlı missiya ərazisinə gətirən iki İl-76 təyyarəsi Xabarovsk-Yeni hava limanından havaya qalxıb.

Dağlıq Qarabağa ümumilikdə 122 nəfərlik tibbi hərbi heyət göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG