Accessibility links

Vladimir Zelenski Ukrayna prezident seçkilərində qələbə qazandı


Populyar televiziya seriallarında prezident rolunun ifaçısı kimi tanınmış aktyor və komediya ustası Vladimir Zelenski Ukrayna prezident seçkilərinin ikinci mərhələsinin qalibi olub.

Ukraynanın Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 99 faizini hesablayıb. Nəticələrə görə, prezidentliyə namizəd Vladimir Zelenski böyük səs çoxluğu ilə liderdir. O, səslərin 73,22 faizini toplayıb.

Ukraynanın hazırki prezidenti Petro Poroşenko səslərin 24,52 faizini qazanıb.

Exti-poll nəticələrinə görə, Zelenski səslərin 73,2 faizini, rəqibi Poroşenko isə 25,3 faizini toplayıb. Seçicilərin 1,5 faizi bülletenlərini ya xarab edib, ya da hər iki namizədin adını qaralayıb.

Ekzit-poll nəticələri çıxdıqdan sonra Zelenski İnstagramda öz seçicilərinə təşəkkür edib, "Biz Ukraynanı, bizim həyatımızı və millətimizi birləşdirdik," yazıb.

Poroşenko prezident seçkilərinin ikinci mərhələsindəki məğlubiyyətini qəbul edib.

"Exit-poll nəticələri açıq aydındır. Onlar mənə rəqibimə zəng edib təbrik etməyə əsas verir. Mən prezidentlikdən gedirəm, lakin siyasətdən ayrılmıram," Poroşenko deyib.

Ukrayna prezidentliyinə seçkilərin ikinci mərhələsi aprelin 21-i, birinci mərhələsi isə martin 31-də keçirilib. Birinci mərhələdə namizədləırin heç biri qalibiyyət üçün lazımi səs çoxluğu əldə etməmişdi. Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, Zelenski səslərin 30,24 faiz, Poroşenko isə 15,95 faizini toplamışdı.

XS
SM
MD
LG