Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin şənbə günü muzdlularına Rusiya paytaxtına doğru irəliləyişə son qoymağı və Ukraynadakı səhra düşərgələrinə geri dönməyi əmr edib.
Priqojin Rusiyada qan tökməkdən qaçınmaq istədiyini bildirib. O, Kremlin onun müdafiə naziri Sergey Şoyqunun istefaya göndərilməsi tələbinə cavab verib-vermədiyini açıqlamayıb.
Kreml məsələ ilə bağlı dərhal şərh verməyib.
Aleksandr Lukaşenkonun mətbuat xidmətinə yaxın “Pul Pervogo” teleqram kanalının məlumatına görə, Lukaşenko Vladimir Putinlə razılaşaraq, Vaqnerin təsisçisi Yevgeni Priqojinlə danışıqlar aparıb və nəticədə onlar silahlı Vaqner bölmələrinin Moskvaya hərəkətini dayandırmaq barədə razılığa gəliblər.
Telegram kanalının müəlliflərinin bildirdiyinə görə, danışıqlar bütün gün ərzində davam edib. Nəticədə Lukaşenka və Priqojin “Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməz olduğu barədə razılığa gəliblər.”
İddialara görə, Priqojin Lukaşenkonun “Rusiya ərazisində “Vaqner” qrupunun silahlı şəxslərinin hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq” təklifini qəbul edib.
Vaqnerin qurucusu da öz növbəsində Vaqner bölmələrinin Moskvanın 200 kilometrliyindən geri dönərək, öz səhra düşərgələrinə doğru getdiklərini təsdiqləyib.
“Vaqner-i dağıtmaq istəyirdilər. Biz iyunun 23-də ədalət yürüşünə çıxdıq. Bir gündə Moskvanın 200 km-ə çatdıq. Bu müddət ərzində döyüşçülərimizin bir damla qanını belə axıtmadıq. İndi elə bir məqam çatıb ki, artıq qan tökülə bilər. Ona görə də, bir tərəfdən rus qanının töküləcəyinə dair bütün məsuliyyəti dərk edərək, biz konvoyu geri çevirib plan üzrə əks istiqamətdə səhra düşərgələrinə yola düşürük,” Priqojin deyib.