Accessibility links

Rusiya Aviasiya Agentliyi: "Vaqner"in başçısı Priqojin qəzaya uğrayan təyyarədə olub


Rusiya Mülki Aviasiya Agentliyinin məlumatına görə, bu ilin əvvəlində Rusiya ordusuna qarşı qısamüddətli silahlı üsyana rəhbərlik edən muzdlu əsgərlərin başçısı Yevgeni Priqojin çərşənbə günü Moskvanın şimalında qəzaya uğrayan və içərisində olan 10 nəfərin hamısının həlak olduğu təyyarədə olub.

Üsyan qaldırandan bəri özəl "Vaqner" hərbi şirkətin qurucusunun taleyi güclü fərziyyələrə məruz qaldığı üçün təyyarə qəzası dərhal şübhə doğurdu.

O zaman prezident Vladimir Putin üsyanı pisləyərək, qisas alacağına söz versə də, Priqojinə qarşı ittihamlar tez bir zamanda götürülüb. Qoşunları Ukraynada Rusiya üçün ən yaxşı döyüşən qüvvələrdən biri olan "Vaqner" komandirinə Belarusa çəkilməyə icazə verildi. Lakin o, vaxtaşırı Rusiyada görünürdü.

Qəza həm də Rusiya mətbuatının Priqojinlə əlaqəsi olan yüksək səviyyəli generalın Hərbi Hava Qüvvələrinin komandiri vəzifəsindən azad edildiyi barədə yaydığı xəbərdən sonra baş verib.

Çərşənbə günü qəzaya uğrayan təyyarədə üç pilot və yeddi sərnişin olub. Təyyarə Moskvadan Sankt-Peterburqa uçurdu. Rusiyanın dövlət xəbər agentliyi Tass-ın verdiyi məlumata görə, təyyarə paytaxtdan təxminən 300 kilometr şimala düşüb.

Rusiyanın Mülki Aviasiya Agentliyi "Rosaviasiya" tez bir zamanda onun Priqojinin adının sərnişinlər siyahısında olduğunu, daha sonra isə onun həqiqətən də təyyarədə olduğunu bildirib.

Associated Press tərəfindən yoxlanılan uçuş izləmə məlumatları Priqojinin əvvəllər də istifadə etdiyi, "Vaqner" adına qeydiyyatdan keçmiş şəxsi təyyarənin çərşənbə günü axşam Moskvadan havaya qalxdığını və onun transponder siqnalının bir neçə dəqiqə sonra yoxa çıxdığını göstərib.

Siqnal təyyarənin təhlükəsiz eniş edə biləcəyi aerodromun olmadığı kənd bölgəsində itib.

Forum

XS
SM
MD
LG