Accessibility links

Bir qrup müharibə iştirakçısı etiraz aksiyası keçirib


Bu gün, aprelin 4-də bir qrup müharibə veteranı Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında pensya təminatlarında və əlillik dərəcəsi verilməsində yaşadıqları problemlərə etiraz olaraq aksiya keçirib.

“Qaziləri (müharibə veteranı-red) incidirlər. Əlillik dərəcəsi almaq üçün dəfələrlə müraciət edirik imtina gəlir. Qazilər müharibədə canını qoyub, öz xalqına qeyrət borcunu yerinə yetirib, şikəst olub, indi ailəsini dolandıra bilmir. Nəyə görə ona əlillik dərəcəsi verilmir? İmtina gəlir, yazırlar ki, altı aydan sonra əlavə müayinədən keçməlisən. Bizləri bezdiriblər. Dəfələrlə canımıza qəsd etmək istəmişik. Müalicəmiz təşkil olunmur. Sığorta şirkəti ödənişlərimizi etmir,” etirazçılardan biri deyib.

Digər etitazçı da bildirib ki, müharibədə yaralanan insanların bir çoxunun müalicəsi təşkil edilmir.

“Elə insan var ki, yaraları indi də qurtarmayıb. Bunlar iş görmək əvəzinə danışırlar. Bir neçə nəfəri çıxarırlar televiziyaya, onlar da kiməsə avtomiobil verdik, ev verdik deyirlər. Amma əsas problemlər qalır. Ucqar yerlərdə olan qazilər və şəhid ailələri var ki, heç kim onlara yardım göstərmir. Trend olmuş şəhid ailələrini deyil, ucqarda qalan şəhid ailələrindən danışın,” etirazşı qeyd edib.

Məhəmməd Əliyev deyib ki, tələbədir, cəmi 88 manat təqaüd alır.

“Hər iki ayağımdan yaralanmışam. Dizimə güllə dəyib, parça-parça olub, sağ ayağım qopub, yenidən tikilib. Buna baxmayaraq mənə 3-cü qrup əlillik veriblər,” o qeyd edib.

Etirazçıların qarşısına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsinin nümayəndəsi çıxıb.

Daha sonra müharibə iştirakçıları nazilikdə qəbul edilib.

Nazirliyin nümayəndəsi bildirib ki, onların problemləri dinlənilib həll ediləcək.

XS
SM
MD
LG