Accessibility links

Bayden Ukraynaya Rusiyanı Xarkiv yaxınlığında Amerika silahları ilə vurmağa icazə verir


Rusiyanın Xarkivə raket hücumundan sonrakı vəziyyət.
Rusiyanın Xarkivə raket hücumundan sonrakı vəziyyət.

ABŞ Prezidenti Co Bayden mövqeyini dəyişərək Ukraynaya Rusiya ilə sərhəddən 30 kilometr aralıda yerləşən ölkənin ikinci ən böyük şəhəri olan Xarkivə Rusiyanın hücumlarının qarşısını almaq üçün Amerikanın təchiz etdiyi silahlardan istifadə etməyə icazə verib.

Cümə günü Praqadan çıxış edən ABŞ Dövlət katibi Antoni Blinken siyasət dəyişikliyini təsdiqləyib. “Son bir neçə həftə ərzində Ukrayna bizdən bu təcavüzə, o cümlədən sərhədin Rusiya tərəfində toplaşan və sonra Ukraynaya hücum edən Rusiya qüvvələrinə qarşı müdafiə üçün onlara verdiyimiz silahlardan istifadə etməyə icazə istəyib,” o deyib.

Blinken bu yeni siyasətin münaqişənin digər bölgələrinə də şamil olunmaq ehtimalını açıq saxlayıb. “Bundan sonra biz indiyə qədər etdiyimizi edəcəyik ki, bu da, lazım olduğunda uyğunlaşmaqdır,” o bildirib.

ABŞ-ın Rusiyanın daha uzaq ərazilərindəki hədəfləri vura biləcək ATACMS (Ordu Taktiki Raket Sistemi) kimi tanınan uzun-mənzilli raketlərdən istifadəni qadağan edən siyasəti dəyişməyib.

“Bu, sərhədin yaxınlığında yerləşdirilən əks-atəş imkanlara aiddir. Bu, ATACMS və ya uzun məsafəli zərbələrə aid deyil,” Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter deyib.

“Bunun məqsədi ukraynalılara sərhədin o tərəfində Rusiyanın sığınacağı olacaq şeyə qarşı özlərini müdafiə etmələrinə imkan verməkdir,” Karpenter cümə günü Amerikanın Səsinə müsahibədə deyib.

Bunun eskalasiyaya gətirib çıxaracağından qorxan Bayden Ukrayna və Avropadakı müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, Rusiya daxilində hədəfləri vurmaq üçün silahlardan istifadəyə icazə verməkdən çəkinirdi. Ancaq mümkündür ki, Rusiyanın son həftələrdə Xarkiv istiqamətində əldə etdiyi irəliləyişlər onu razı salıb.

Ağ Evin qərarı “Ukraynaya şimal-şərqdəki çətin vəziyyətə yardım etmək üçün minimumu edir və Ukraynanın Xarkivdəki mülki vətəndaşları müdafiə etmək və Ruisyanın hücumunun qarşısını almaq üçün apardığı səylərinin üzərindəki yükü aradan qaldırır,” Atlantika Şurasının Avrasiya Mərkəzinin baş direktoru və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst deyir. Eyni zamanda isə bu “Moskvanın reaksiyasını yumşaltmaq üçün nəzərdə tutulmuş bir sıra məhdudiyyətləri ictimaiyyətə açıqlayır.”

“Əbəttə ki, bu yarım addım heç bir addımdan daha yaxşıdır, ancaq Kremlə Amerikanın qətiyyəti ilə bağlı lazım olan mesajı göndərmir,” Herbst bildirib.

Forum

XS
SM
MD
LG