Accessibility links

Washington Post: Azərbaycanda diktatorun nəzarəti altındakı 128 nəfəri unutmayın


ABŞ-ın nüfuzlu Washington Post qəzetinin redaksiya heyəti Azərbaycanda bloger Mehman Hüseynovun aclıq aksiyası ilə bağlı ikinci baş məqaləsini nəşr edib. Məqalədə həbsdə olan digər siyasi məhbusların Mehman Hüseynova dəstək aksiyası qeyd edilir və Azərbaycanda siyasi məhbus probleminə diqqət çəkilir.

Washington Post qəzetinin redaksiya heyətinin baş məqaləsini təqdim edirik.

"Araşdırmaçı blogeri özbaşına həbsə atan diktatorluq üzərinə diqqət çəkmək üçün nə lazımdır? Bloger Mehman Hüseynov qərara gəldi ki, bunun üçün aclıq etmək lazımdır. O, Azərbaycanda həbsxanada yeni həbs müddəti təhlükəsinə diqqət çəkmək üçün quru qidadan imtina etdi. Başqa məhbuslar da bu çağırışa cavab verib, etiraz olaraq aclıq aksiyasına qoşulur və siyasi repressiyaya son qoyulmasını tələb edir.

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun hesablamalarına əsasən, prezident İlham Əliyevin hakimiyyəti altında 128 siyasi məhbus var. Siyahıya 68 dini fəal, 17 siyasi və ictimai fəal, etirazlara qatılarkən həbs edilmiş 14 nəfər, 10 dindar, doqquz jurnalist və bloger, siyasətçilərin qohumları olan üç “siyasi girov”, uzunmüddətli həbs cəzasına məhkum olmuş üç nəfər, keçmiş iki hökumət rəsmisi, bir insan haqları müdafiəçisi və bir şair daxildir. Siyahı haqda cənab Əliyev tərəfindən təqib edilən müstəqil informasiya agentliyi olan Meydan TV məlumat verib.

Bir sözlə, xüsusilə də hakim sinfi məsuliyyətə cəlb etməyə çalışan hər kəs hər hansı bir zaman saxlanıla, ya da cəzalandırıla bilər. Cənab Hüseynov bunu etmək üçün Facebook və YouTube-dan istifadə etmişdi. 2016-cı ilin sonlarında nümayiş etdirdiyi video süjetlərdə o, adi azərbaycanlıların iqtisadi vəziyyətinin ağır olduğu halda, hökumət məmurlarının özlərinə dəbdəbli saraylar tikdirdiyini göstərmişdi. Onun hədəfləri gördüklərindən xoşlanmadı. 2017-ci ilin yanvarında o həbs edildi. Polis tərəfindən qəddar rəftar haqda şikayət etdikdən sonra rəsmilər onu qeyri-insani rəftara məruz qaldığı eyni polis bölməsinin iddiası əsasında “diffamasiya” ittihamı ilə məhkum etdi. İndi onun iki illik həbs cəzasının müddəti sona yaxınlaşdığı zaman rəsmilər əvvəlki ittihamlar kimi əsassız ittihamlar irəli sürüb.

Bu parodiyaya cavab olaraq, bir sıra başqa siyasi məhbuslar, o cümlədən, özü də əvvəl həbsdə olan cəsarətli jurnalist Xədicə İsmayıl aclıq aksiyasına qoşuldu. Avropa Parlamenti yanvarın 17-də cənab Hüseynovun azad edilməsinə çağıran qətnamə qəbul edərək, köhnə ittihamların üstünə yeni ittihamların qaldırılmasının Azərbaycanda tanış taktika olduğunu qeyd etdi – “bu, son aylarda beşinci belə haldır”- və “Azərbaycanda media mühiti və ifadə azadlığı sahəsində heç bir əhəmiyyətli irəliləyişin olmadığını” bəyan etdi.

Aclıq aksiyası keçirənlərin bir neçəsi bəyanatlarında xarici dünyanın məsələyə fərqli baxacağı ilə bağlı narahatlığını bildirib. “Tüstü-duman dağılandan sonra Qərbdən kimlərsə gələcək və bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq...Onlar neft, avro, dollarlarından çamodanlarına doldudub qayıdacaqlar və hakimiyyətə göz vurub yeni repressiyalar üçün yaşıl işıq yandıracaqlar”. Bunun baş vermədiyinə əmin olmaq Qərbdən asılıdır."

XS
SM
MD
LG