Accessibility links

Qərb diplomatları Yaxın Şərqdəki gərginliyi müzakirə edəcək


Qərbin yüksək səviyyəli diplomatları Qəzzada atəşkəsə nail olmaq və İsrail-Livan sərhədində gərginliyin daha böyük münaqişəyə çevrilməsinin qarşısını almaq səyləri fonunda cümə axşamı Parisdə görüşə hazırlaşır.

ABŞ dövlət katibi Antoni Blinken Qəzza danışıqlarını necə irəlilətmək barədə müzakirələr məqsədi ilə Misirə səfər etdikdən sonra Britaniya, Fransa, Almaniya və İtaliyadan olan həmkarları ilə danışıqlarda iştirak edir.

Blinken çərşənbə günü deyib ki, son bir ay yarım ərzində atəşkəs razılaşmasında irəliləyiş əldə olunub, lakin indi həm İsrail, həm də HƏMAS razılığın əldə edilməsi üçün "siyasi iradə" nümayiş etdirməlidir.

Blinken Qahirədə Misirin xarici işlər naziri Bədr Əbdelətti ilə birgə mətbuat konfransı zamanı "Düşünürəm ki, sazişdə 18 bənd var, onlardan 15-i razılaşdırılıb. Amma qalan məsələləri həll etmək lazımdır" deyib.

Əbdelətti tərcüməçi vasitəsilə jurnalistlərə bildirib ki, HƏMAS mayın 27-də əldə olunan atəşkəs razılaşmasına və iyulun 2-də edilən düzəlişlərə tam sadiqliyini təsdiqləyib.

ABŞ, Misir və Qətər vasitəçiləri ilə aylardır davam edən danışıqlar zamanı nə İsrail, nə də HƏMAS üçün uyğun bir razılaşma əldə edilib. Danışıqlarda əsas diqqət döyüşlərin dayandırılması və Qəzzada hələ də HƏMAS militantları tərəfindən saxlanılan girovların azad edilməsini əhatə edən plan üzərində cəmlənib.

Rəsmilər onun tezliklə təqdim ediləcəyini bildirsələr də, ABŞ yenidən işlənmiş təklif üçün vaxt cədvəli təqdim etməyib.

Atəşkəs razılığı Livanda Hizbullah silahlı qruplaşmasının üzvlərinin istifadə etdiyi peycerlər və telsiz vasitələrin ölümcül partlayışlarından sonra çətinləşə bilər.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İsrailə aid edilən hücumla bağlı narahatlığını ifadə edib.

"Aydındır ki, bütün bu cihazları partlatmağın məntiqi bunun böyük bir hərbi əməliyyatdan əvvəl, qabaqlayıcı zərbə kimi etməkdən ibarətdir. Hadisənin özü qədər əhəmiyyətli olması, bu hadisənin Livanda ciddi eskalasiya riskinin olduğunu təsdiqləyir və bu gərginliyin qarşısını almaq üçün hər şey edilməlidir" - deyə, Quterreş Nyu Yorkda jurnalistlərə bildirib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərşənbə günü İsraili bir il ərzində Fələstin torpaqlarının işğalına son qoymağa çağıran qətnamə qəbul edib. Sənəddə İsrailin Fələstin ərazilərində istifadə edə biləcəyi silah tədarükünü dayandırmaq üçün “addımlar atılmasına” və saksiyalara çağırılıb.

Qətnamə 124 lehinə, 14 əleyhinə, 43 bitərəf səslə qəbul edilib.

Forum

XS
SM
MD
LG