Accessibility links

Ağ Ev: Baydenin Putinlə danışıqlar aparmaq “niyyəti yoxdur”


ABŞ Prezidenti Co Bayden. 2 dekabr, 2022.
ABŞ Prezidenti Co Bayden. 2 dekabr, 2022.

Ağ Ev bildirib ki, ABŞ Prezidenti Co Baydenin hazırda Prezident Vladimir Putinlə müharibəyə so qoymaqla bağlı danışıqlar aparmağa “niyyəti yoxdur.” Bundan bir gün öncə isə Baydenin rusiyalı həmkarı ilə danışmaq üçün şərti təklif irəli sürmüşdü.

“Biz hazırda elə bir nöqtədəyik ki, danışıqlar məhsuldar bir yol kimi görünmür,” Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi cümə günü müxbirlərə deyib.

Bayden cümə axşamı Fransa Prezidenti Emmanuel Makronla birlikdə keçirdiyi mətbuat konfransında “Mən Cənab Putinlə danışmağa hazıram, əgər o həqiqətən də müharibəyə son qoymağın yolunu axtarmaqda maraqlıdırsa. Ancaq o hələ ki, bunu etməyib.”

Baydenin şərhləri Ağ Ev tərəfindən ehtiyatlı bir diplomatik başlanğıc kimi görünürdü.

Cümə günü həmin şərhlərlə bağlı suala cavab olaraq Kirbi qeyd edib ki, Bayden deyib ki, Putin hələ ki, danışıqlar aparmaqda marağının olduğunu göstərməlidir.

“Putin hər hansı bir dialoğa maraq göstərmir. Əslində, bunun tam əksini edir,” Kirbi deyib.

“Prezident qətiyyən ona işarə etmirdi ki, indi danışıqlar aparmaq vaxtıdır. Əslində o, davamlı olaraq bildirib ki, danışıqlar yolu ilə həll yolunun nə zaman olacağını və bu həll yolunun şərtlərinin nə olacağını yalnız (Ukrayna) Prezidenti Zelenski müəyyən edə bilər,” Kirbi deyib.

Kreml cümə günü bildirib ki, Putin Qərblə danışıqlara hazırdır - o şərtlə ki, Qərb Rusiyanın Ukraynadan aldığı “yeni ərazilərini” tanısın.

Kreml açıqlamasında bildirib ki, hər hansı danışıqlardan öncə Qərb Putinin cəbunda yerləşən Xerson regionu və Ukraynanın qismən işğal olunan üç digər bölgəsinin artıq Rusiyaya məxsus olduğuna dair bəyanatını qəbul etməlidir. Əksər ölkələr Rusiyanın işğalını qınayıb.

Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə deyib ki, “Rusiya Federasiyasını prezidenti bizim maraqlarımızı qorumaq üçün hər zaman danışıqlara açıq olub, açıqdır və açıq olacaq.”

Bundan əlavə cümə günü Putin Almaniya kansleri Olaf Şoltzla telefonla danışıb. Şoltzun Putinə “mümkün qədər tez bir zamanda diplomatik həll yolu olmalıdır ki, buna Rusiya qoşunlarının çıxarılması daxildir” dediyi bildirilin.

Putin isə öz növbəsində “Qərb ölkələri, o cümlədən Almaniyanı” Kyivin Rusiya ilə danışıqlar aparmaqdan imtina etməsinə şərait yaratmaqda günahlandırıb.

“Kyiv rejimini silahlandıran və Ukrayna hərbçilərinə təlim keçən Qərb dövlətlərinin, o cümlədən Almaniyanın dağıdıcı xəttinə diqqət çəkilib,” Kreml bildirib.

Şoltzun sözçüsü yazılı bəyanatında deyib ki, “kansler xüsusilə Rusiyanın Ukraynada mülki infrastruktura qarşı hava hücumlarını qınayıb və Almaniyanın Ukraynanı dəstəkləmək və Rusiyanın təcavüzünə qarşı müdafiə qabiliyyətini təmin etmək qətiyyətini vurğulayıb.”

XS
SM
MD
LG