Accessibility links

Bloq: Amerika azərbaycanlıları Obama administrasiyasını Xocalı qətliamını tanımağa çağırır


Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirib.

Ağ Evin “Biz xalqıq” səhifəsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək. “Amerika azərbaycanlıları və bizim bu ölkədə və bütün dünyada dostlarımız adından faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı və onun qurbanlarının anılması və prezidentin bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik”-deyə petisiyada bildirilir.

Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı “Biz xalqıq” (“We the People”) səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazımdır.

Amerika-Azərbaycan Şurası və PaxTurcica təşkilatı da Xocalı qətliamının tanınması səyləri çərçivəsində məktub kampaniyası keçirir.

Ağ Evin veb səhifəsində yerləşdirilmiş petisiya Amerika azərbaycanlılarının Xocalı qətliamının anılması məqsədilə hər il keçirdiyi kampaniyanın bir hissəsidir. Diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG