Accessibility links

Ağ Ev: ABŞ martın 7-də Rusiya Federasiyasına terror təhlükəsi ilə bağlı yazılı xəbərdarlıq göndərib


Ağ Ev Rusiyanın "Crocus City Hall" konsert zalına hücumda Ukraynanın əli olması ilə bağlı iddialarını "cəfəngiyyat" adlandırıb və hadisəyə görə "tək məsuliyyətin" İslam Dövləti qrupunun üzərində olduğunu vurğulayıb.

Cümə axşamı jurnalistlər üçün brifinqdə danışan Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri Con Kirbi ABŞ-ın Rusiya kəşfiyyat orqanlarına ekstremist hücumla bağlı yazılı xəbərdarlıq etdiyini və bunun Moskvaya əvvəlcədən verdiyi çoxsaylı xəbərdarlıqlardan biri olduğunu deyib.

Bu, Rusiya İstintaq Komitəsinin keçən həftə Moskva vilayətindəki konsert zalına hücumda 140-dan çox insanı öldürən terrorçuların "Ukrayna millətçiləri" ilə əlaqəsi olduğuna dair sübutlar əldə etdiyi barədə açıqlamasından sonra elan edilib.

Rusiya İstintaq Komitəsinin bəyanatında deyilib ki, hücum edənlər Ukraynadan nağd pul və kriptovalyuta şəklində əhəmiyyətli məbləğlər alıb.

Kirbi bu iddianı "cəfəngiyyat və təbliğat" adlandırıb.

"Aydındır ki, keçən həftə Moskvada baş vermiş dəhşətli terror aktına görə bütün məsuliyyəti İslam Dövləti daşıyır. Əslində, ABŞ bu terror aktının qarşısını almağa çalışdı. Kreml də bunu bilir" - deyə, Kirbi bildirib.

Kirbi deyib ki, 22 mart hücumundan əvvəl ABŞ hökuməti Moskvadakı böyük toplantı və konsertlərə qarşı terror təhlükəsi ilə bağlı Rusiya hakimiyyətinə aydın və ətraflı məlumat verib.

Kirbi "Martın 7-də Moskva vaxtı ilə saat 11:15-də ABŞ hökuməti adi prosedurlara riayət etməklə və əvvəllər dəfələrlə istifadə edilmiş kanallar vasitəsilə Rusiya təhlükəsizlik xidmətlərinə yazılı xəbərdarlıq göndərib. Bundan əlavə, ertəsi gün, martın 8-də biz Amerika vətəndaşlarından Moskvada böyük yığıncaqlar və konsertlərdən çəkinmələrini xahiş edən ictimai xəbərdarlıq etmişik" deyib.

Kirbi vurğulayıb ki, ABŞ Rusiyaya bu cür məlumatları verir, çünki o, mümkün təhlükələr barədə xəbərdarlıq etmək məsuliyyətini son dərəcə ciddi qəbul edir.

Kirbi bildirib ki, hücuma görə bütün məsuliyyəti İslam Dövləti daşıyır.

Forum

XS
SM
MD
LG