Accessibility links

Ağ Ev: "Ukraynaya maliyyə yardımının tükənməsi fonunda Konqresin hərəkətə keçməsinin vaxtıdır"


Ağ Ev bazar ertəsi Konqresin hərəkətə keçmədiyi təqdirdə, ABŞ-ın Ukraynaya yardım vəsaitinin ilin sonuna qədər tükənəcəyi barədə xəbərdarlıq edib.

"Bu, gələn ilin problemi deyil. Demokratik Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə yardım etməyin vaxtıdır. Konqresin hərəkətə keçmə vaxtı indidir. Konqresin hərəkətə keçməsinin vaxtıdır", Ağ Evin büdcə direktoru Şalanda Yanq Nümayəndələr Palatasının və Senatın liderlərinə məktubunda yazıb.

Yanq bildirib ki, Ukraynaya yardım üçün ayrılan 111 milyard dolların demək olar ki, hamısı istifadə olunub. Maliyyə fondunun ən böyük hissəsi hərbi, digərləri isə iqtisadi və mülki yardım, eləcə də humanitar yardıma sərf edilib.

Bayden administrasiyası Konqresi Ukrayna, İsrail və digər bölgələrə yardımı nəzərdə tutan 106 milyard dollarlıq paketi təsdiqləmək üçün təzyiq göstərir. Yardımın Ukraynanın üçün nəzərdə tutulan hissəsi 61 milyard dollar təşkil edir.

Təklif Nümayəndələr Palatasında Ukraynaya daha çox yardım göstərilməsini şübhə altına alan və hər hansı əlavə maliyyəni ABŞ-Meksika sərhədində sərhəd təhlükəsizliyi tədbirləri tələblərinə bağlamağa çalışan bəzi Respublikaçıların etirazına səbəb olub.

Ukrayna ordusu bazar ertəsi bildirib ki, Rusiya keçən gecə ölkəyə İran istehsalı olan 23 "Şahed" dronları və qanadlı raketlə hücum edib.

Ukrayna Hərbi Hava Qüvvələri Telegram kanalında ordunun Hava Hücumundan Müdafiə Qüvvələrinin 23 pilotsuz təyyarədən 18-ni vurduğunu və raketi məhv etdiyini bildirib.

Hərbi Hava Qüvvələri Ukraynanın azı 9 bölgəsində hava hücumundan müdafiə vasitələrinin fəaliyyət göstərdiyini bildirib, lakin onların hansı bölgələrdə olduğunu dəqiqləşdirməyib.

Mikolayiv vilayətinin qubernatoru dronlardan altısının vurulduğunu, vurulan bir pilotsuz təyyarənin dağıntılarının kənd təsərrüfatı binasına ziyan vurduğunu deyib.

Lviv rəsmiləri də ölkənin bu bölgəsində azı bir pilotsuz uçuş aparatının vurulduğunu, lakin heç bir dağıntı və ya xəsarət olmadığını bildirdib.

Xersonun vilayət qubernatoru bazar ertəsi səhər bildirib ki, Rusiyanın son 24 saat ərzində etdiyi hücumlar nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Qubernator həmçinin uşaq bağçasına, səhiyyə binasına və mühəndislik obyektinə ziyan dəydiyini bildirib.

Bazar ertəsi Rusiyanın Voronej vilayətinin qubernatorunun bildirdiyinə görə, Rusiyanın 14-cü Ordu Korpusunun komandir müavini, general-mayor Vladimir Zavadski Ukraynada öldürülüb.

Forum

XS
SM
MD
LG