Accessibility links

Xədicə İsmayılın şərti məhkumluğunun sınaq müddəti başa çatıb


Araşdırmaçı jurnalist Xədicə İsmayılın barəsində olan şərti məhkumluğun sınaq müddəti mayın 25-də başa çatıb.

Bu barədə Amerikanın Səsinə jurnalistin özü bildirib.

“Bu gün sınaq müddəti bitdi. Sonuncu dəfə imza çəkdim. Sənədləri düzəldəcəklər. Dedilər ki, sabah və ya birisi gün qovluğu qapadacaqlar. Bu barədə mənə sənəd verəcəklər. Beş il ərzində hər ay profilaktik söhbətlərdən və səfər qadağasından qurtulma günüdür,” o bildirib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.

Ali Məhkəmənin 2016-cı il mayın 25-də qəbul etdiyi qərarla jurnalistin azadlıqdan məhrumetmə cəzasını 3 il yarım şərti cəza ilə əvəz edilərək o, azadlığa buraxılıb. Sonradan bu müddət 2 il 3 aya endirilib.

Jurnalist barəsində olan sınaq müddətinin və şərti məhkumluğunun ləğv edilməsi ilə bağlı bundan öncə məhkəməyə müraciət edib. Birinci instansiya və Apellyasiya Məhkəməsi onun bu müraciətini təmin etməyib.

Xədicə İsmayıl bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG