Accessibility links

Xədicə İsmayıl: İki həftəyə yaxındır aclıq aksiyası gedir, heç bir səfirlik aclıq edənlərə baş çəkməyib...


Xədicə İsmayıl: “Heç bir beynəlxalq nümayəndəlik, səfirlik aclıq edənləri yoluxmayıb”
please wait

No media source currently available

0:00 0:07:33 0:00

"Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə aclıq aksiyası davam etdirilir

Yanvarın 2-dən ictimaiyyət nümayəndələrinin "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə başladığı aclıq aksiyası Müsavat Partiyasının mənzil qərargahında davam etdirilir.

İki il həbsə məhkum edilmiş bloger Mehman Hüseynov ona qarşı qaldırılmış yeni cinayət işinə etiraz olaraq dekabrın 26-dan quru aclığa başlayıb. Bloger hazırda maye süd məhsulları qəbul etdə də, qida qəbulundan imtina edir.

Onun aclıq aksiyası yerli və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməkdədir.

Xədicə ismayıl aclıq edir
Xədicə ismayıl aclıq edir

Hazırda aclıq aksiyasını jurnalist Xədicə İsmayıl, fəallar Rövşən Niftalzadə, Aygül Cəfərova, siyasi məhbus kimi tanınan Fuad Əhmədov və Orxan Baxışlının ataları Zəfər Əhmədov və Rafiq Baxışov davam etdirir.

Jurnalist Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib ki, aclıq aksiyası dayandırılmayacaq. O, artıq 4-cü gündür aclıq edir.

“İlk iki gün həkimlər gəlib halımızı soruşdular. Ancaq son iki gündür həkimlər gəlməyib. Özümü normal hiss edirəm. Hələ ki, şikayəti olan yoxdur. Zəfər Əhmədovda hərdən baş gicəllənməsi olur. Amm, israrla deyir ki, çox yaxşıyam” , o qeyd edib.

Jurnalist aclıq aksiyasına beynəlxalq münasibətdən danışarkən bildirib ki, aksiyaya xeyli beynəlxalq resurs reaksiya verib.

“Foreign Policy` jurnalı (Amerikada dərc edilən `Xarici Siyasət` jurnalı iki aydan bir 100 mindən çox tirajla çap olunur-red), xeyli müxtəlif xarici media orqanı xəbərlər yayıb. Rusca, ingiliscə, almanca, italyanca yazılar görmüşəm.”

O bununla yanaşı deyib ki, hələ Azərbaycandakı xarici ölkə səfirliklərindən heç kim aclıq aksiyası keçirənlərə baş çəkməyib.

“İki həftəyə yaxındır aclıq aksiyası davam etdirilir. Amma heç bir beynəlxalq nümayəndəlik və yaxud xarici ölkə səfirliyi gəlib aclıq edənləri yoxlamayıb.”

Xədicə İsmayıl aclıq edənlərin tələbləri ilə Azərbaycan hökuməti və ombudsman aparatınında maraqlanmadığını da deyib.

Əslində, biz, ombudsmanın məşğul olmalı olduğu problemlərlə bağlı aclıq edirik.

“İnsan hüquqları kimi bu, daha çox ombudsmanın öhdəliyindədir. Ombudsman bununla maraqlanmalı, gəlməli, yoluxmalıdır. Soruşmalıdır ki, siz niyə aclıq edirsiniz? Ölkədə nə baş verib? Əslində, biz, ombudsmanın məşğul olmalı olduğu problemlərlə bağlı aclıq edirik. Ombudsman heç bir reaksiya vermir, gəlmir, soruşmur. Görünür ki, bir daha ona iş görmədiyinin xatırladılmasını istəmir. Çünki, normal müstəqil ombudsman institutu olsa idi yəqin ki, indiyədək həbsdə siyasi məhbusumuz qalmazdı,” jurnalist qeyd edib.

O, parlamentin insan hüquqları komitəsinin də aclıq edənlərlə maraqlanmadığını diqqətə çatdırıb.

“Parlamentdən kiminsə belə bir maraq göstərməsinin şahidi olmamışam. Əslində onlardan gözləntimiz də yoxdur. Çünki təəssüf ki, Azərbaycanın müstəqil parlamenti yoxdur. Parlament icra hakimiyyətinin bir qoludur. Prezident Administirasiyasının qərarlarını təsdiqləməklə məşğul olan qurumdur. Seçilmiş parlament olmadığına görə, biz onlardan da seçicilərinin arzusuna uyğun qərarlar gözləmirik.”

O istəyir ki, ictimaiyyət ölkədə siyasi məhbus problemini gündəmdə saxlasın.

Şəxsən mənim tələbim odur ki, ölkədə olan bütün ifadə azadlığı məhbusları azad olunsun.

“Şəxsən mənim tələbim odur ki, ölkədə olan bütün ifadə azadlığı məhbusları azad olunsun. Mən jurnalist olaraq ilk növbədə ifadə azadlığı məhbuslarına dəstək olaraq aksiyaya qoşuluram və eyni zamanda bütün siyasi məhbusların azadlığa buraxılması üçün beynəlxalq səylərin artırılmasını istəyirəm” , jurnalist qeyd edib.

Xədicə İsmayıl deyib ki, aclıq aksiyasına qoşulmamışdan əvvəl həbsdə olan siyasi məhbusların aclıq aksiyasından və onların aclıq aksiyasına qoşulduqdan sonra təzyiqlərə məruz qalmasından yazıb.

“Mənim aclıq aksiyasına qoşulmağıma səbəb də, məhz, o oldu. Çünki həbsxanada, tam nəzarət altında olan adamı susdurmaq və onun aclıq aksiyasından olan rezonansı korşaltmaq çox asandır. Ona görə, biz, müstəqil insanlar bu aksiyaya qoşulmalıyıq ki, həm rezonans azalmasın, həm də onlar siyasi məhbuslara bununla bağlı təzyiq göstərməyin mənasız olduğunu anlasınlar,” jurnalist bildirib.

"Mehman Hüseynov və siyasi məhbuslara azadlıq" aclıq aksiyası
"Mehman Hüseynov və siyasi məhbuslara azadlıq" aclıq aksiyası

Siyasi məhbus kimi tanınan Fuad Əhmədovun atası Zəfər Əhmədov da Amerikanın Səsinə həbs yerlərində siyasi məhbus kimi tanınan şəxslərin aclıq aksiyası keçirməsinin çox çətin olduğunu bildirib. O siyasi məbus kimi tanınan şəxslərin valideynlərinin növbəlilik əsasında övladıları həbsdən azad edilənədək askiyanı davam etdirəcəyini deyib.

“Siyasi məhbus atalarının aksiyaya qoşulmasının səbəbləri övladlarımızın həbsxanalarda aclıq keçirməsidir. İlk öncə siyasi məhbusların anaları aksiyaya qoşulmaq qərarına gəlmişdilər. Biz, Orxan Baxışovun atası Rafiq Baxışovla qərar gəldik ki, bu aksiyaları məhbus ataları keçirsin ki, məhbus anaları aksiyaya qoşulmasın. Amma, analar da aksiyaya qoşulur.”

Biz çox xahiş, israr edirik ki onlar aclığı dayandırsın. Aclıq keçirməsinlər. Biz özümüz, məhbus ataları aclıq edərək onları əvəz edirik.
Zəfər Əhmədov

Əhmədovun fikrincə, cəzaçəkmə müəssisəsində aclıq keçirmək, ancaq aclıqla bitmir.

“Aclıq keçirən hər bir insan karsa (cərimə təcridxanası-red) salınmalıdır, daimi nəzarətdə olmalıdır, görüşlər, telefon zənglərindən məhrum olunur. Ona görə, biz, istəmirik ki, onlar aclıq etsinlər. Onsuz da problemlərin içərisindədirlər. Bir də yeni problemlərlə üzləşəcəklər. Biz çox xahiş, israr edirik ki onlar aclığı dayandırsın. Aclıq keçirməsinlər. Biz özümüz, məhbus ataları aclıq edərək onları əvəz edirik. Əvvəlcə Ruslan Nəsirlinin atası Şamil Nəsirli başladı, sonra Rafiq Baxışovla mən başladım. Bu növbəliliklə davam edəcək”, o qeyd edib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov və digər siyasi məhbuslar
Mehman Hüseynov və digər siyasi məhbuslar

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək aksiyaları olub. Həbsdə olan ondan çox siyasi məhbus kimi tanınan şəxsin də aclıq aksiyasına qoşulduğu bildirilir.

Öz növbəsində, Azərbaycan hökuməti beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Yüksək dövlət məmurları ölkədə hüququn aliliyinin təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, fikirlərinə, siyasi baxışlarına görə həbs edilmədiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG