Accessibility links

Xədicə İsmayılova: Ofşorlar var, formalar yoxdur. Məmurlar da qeyri-qanuni qazandığı pulları xaricə çıxarmaqda davam edirlər


Bu yaxınlarda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun əldə etdiyi sənədlər daha bir beynəlxalq rezonansa səbəb olub. Adı çəkilən sənəddə gizli yollarla sərvətə sahib olan ölkə rəsmi məmurları və onların ailələrinin sırasında Azərbaycan prezidenti İlham Əliyevin də adı keçir. Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində ​ bu araşdırmanın Azərbaycan cəmiyyətinə təsirlərindən və bu sənədlərdən əvvəl açılan digər araşdırmalara Azərbaycanda hələ də hüquq-mühafizə orqanları tərəfindən hər hansı bir reaksiya verilməməsindən danışıb.

Amerikanın Səsi: Beynəlxalq Araşdırmaçı Jurnalistlərin Konsorsiumunun bu həftə açıqladığı "Pandora Sənədləri" dünya liderləri və siyasətçilərin gizli sərvətlərini aşkar edib. Dünyanın 600-dən çox jurnalisti iki il ərzində 12 milyona yaxın sızmış bu sənədləri araşdırıb. Burada əsas tapıntılar nədən ibarətdir? Sizin fikrinizcə bu araşdırmanın korrupsiya hallarının aşkarlanmasında hansı rolu olacaq?

Xədicə İsmayılova: Pandora dosyesində dediyiniz kimi 12 milyondan çox sənəd var. Bu indiyə kimi ən böyük sızmadır. Bilirsiniz ki, bəzi şirkətlər var ki, onlar ofşor zonalarda şirkətlərin yaradılması üçün texniki dəstək göstərirlər. Onların müştəriləri arasında öz gəlirlərinin mənbəyini gizlətmək istəyən, vergidən yayınmaq istəyən və yaxud kriminal işlərə pul xərcləmək üçün belə bir çətir axtaran insanlar da var. Bu tip sızmalar, bu cür gizli olan sənədlərin üzə çıxması deməkdir. Məsələ bundadır ki, biznes şəffaf olmalıdır ki, bu kriminal əməllər üçün vasitə olmasın.

Amma bəzi ölkələr gizliliklə şərait yaratmaqla kriminal əməllərə vasitəçi ola bilirlər. Təəssüf ki, bunlar arasında həmin xidmətlərdən yararlananlar arasında ümumiyyətlə bizneslə məşğul olmamalı adamlar-dövlət qulluqçuları olur. Onlar arasında kifayət qədər yüksək vəzifəli siyasətçilər də var. Məsələn bizim prezident İlham Əliyevin ailəsinin də orada mülkləri üzə çıxıb. Məlum olur ki, 80-dən şirkət vasitəsilə 100 milyonlarla dəyəri olan əmlak əldə edilib və o əmlak idarə olunub o şirkətlər vasitəsilə. Məsələ bundadır ki, bu şirkətlər əlbəttə ki, heç kimə irad tutmaq olmaz ki sənin niyə əmlakın var. Amma bu əmlakı əldə etmək üçün pul legitim yolla qazanılmırsa və onun əmlakın sahibləri o əmlakın əldə edilməsi üçün xərclənən pulun necə qazandıqlarını izah edə bilmirlərlərsə və ya izah etməyə cəhd eləmirlərsə, üstəlik onlar dövlət başçısının ailə üzvləridirsə artıq ciddi mətləblərdən xəbər verir. Məsələ bundadır ki, İlham Əliyev özü də dövlət qulluqçusunun ailəsində doğulub. Heydər Əliyev də, İlham Əliyev də öz müsahibələrində, memuarlarında yazdıqları esselərdə böyük varidat sahibləri olmadıqlarını, böyük pullarının olmadıqlarını deyiblər həmişə. Onların aldıqları maaş da bu indi haqqında sözügedən mülkləri almağa heç vaxt kifayət edə bilməzdi. Bu o deməkdir ki, pullar dövlət qulluğunda hansısa qeyri-qanuni yollarla qazanılıb. Bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Təəssüf ki, bu artıq neçənci dəfədir ki, İlham Əliyevin ailə üzvlərinin və özünün varidatı haqqında araşdırmalar üzə çıxır, amma bu məsələlər hüquq-mühafizə orqanlarının diqqətini cəlb eləmir.

Amerikanın Səsi: "Pandora Sənədləri"nin açıqlanmasından sonra korrupsiya halları ilə mübarizədə hansı addımların atılacağını gözləmək olar? Şəffaflıq, hesabatlılığın təmin olunması, maliyyə tranzaksiyalarına daha ciddi nəzarət, çirkli pulların yuyulması əməliyyatlarına qarşı tədbirlər görüləcəkmi?

Xədicə İsmayılova: "Panama Sənədləri"ndən və landromatdan sonra Avropa ölkələrində xeyli şəffaflaşdırılma prosesi getdi. Bir çox ölkələr mütləq şirkətin əsas ahibinin kim olmasını açıqlamağı mütləq tələb edən qaydaları yaratdılar. Bu məlumatlar daha şəffaflaşdı. Bəzi ölkələrdə bu məlumatlar ancaq sorğu əsasında və yaxud pullu xidmətlər vasitəsilə alına bilirdi. İndi onlar açıq resurslarda əlçatan olub. İngiltərədə misal üçün mənşəyi izah olunmayan pullarla alınmış əmlaklar müsadirə olunmağa başladı. Əmlakı müsadirə olunanlar arasında Azərbaycan vətrəndaşları da var idi. Bu proses gedir və bu proses yəqin ki, genişlənəcək. Biz bilirik ki, dünən artıq Amerika konqresində belə bir təşəbbüs irəli sürülüb ki, korrupsiya yolu ilə əldə olunan əmlakın sahiblərinə qarşı xüsusi sanksiyalar tətbiq olunsun. Proses hara qədər gedəcək və nə qədər işlək olacaq bunu hələ zaman göstərəcək. Amma hər dəfə belə jurnalist araşdırmaları ortaya çıxanda ondan sonra daha bir addım atılır dünyada şəffaflığın artmasına yönəlik. Bu öz özlüyündə müsbət prosesdir. Bu beynəlxalq nəticələrdir. Amma bizim ölkəmizdə yəqin ki, hüquq-mühafizə orqanlarından yenə də bir hərəkət görməyəcəyik. Çünki ölkədə şəffaflıq artmır, əksinə ildən-ilə azalır. Biz bilirik ki, Azərbaycanda məmurların, dövlət qulluqçularının əmlak bəyannaməsi haqqında qanun 2006-cı ildən mövcuddu. Hətta prezident də sərəncam da imzalayıb. Nazirlər Kabinetinə tapşırıq verib ki, bu formalar hazırlansın gəlir bəyannamələri üçün. İndiyə qədər 15 il keçib. Həmin o formalar hazırlanmayıb. Ofşorlar var, formalar yoxdur. Ona görə də məmurlar qeyri-qanuni qazandığı pulları xaricə çıxarmaqda davam edirlər.

Amerikanın Səsi: İctimaiyyət tərəfindən hansı reaksiyanı gözləyirsiniz? Bir neçə il bundan əvvəl sizin "Azərbaycan Landromatı" adlı araşdırmanız açıqlanmışdı. Cəmiyyətdə korrupsiyaya qarşı mübarizə, rəsmilərin hesabatlılığına hansı münasibət mövcuddur? Bu münasibətin dəyişəcəyini gözləmək olarmı?

Xədicə İsmayılova: Bizim araşdırmalar təkcə landromat araşdırması yox, ondan əvvəlki araşdırmalar da ən azından bir mifi dağıtmağa xidmət edib. Çünki cəmiyyətdə belə bir fikir mövcud iid ki, prezident yaxşıdır, ətrafı pisdir. Hal-hazırda da həmin mifi yenidən kultivasiya etməyə çalışırlar. Guya ki, prezident korrupsiya ilə mübarizə aparır, icra hakimlərini həbs edirlər, hansısa nazirliklərdən, şöbələrdən həbs edirlər. Və bu mövzular müzakirə predmetidir ki, guya ölkədə korrupsiya ilə mübarizə gedir və bu məsələ hökümətin prioritetidir. Məsələ bundadır ki, hökümət öz addımlarında səmimi deyil, çünki korrupsiyanın qarşısını almaqdan ötrü əsas addımları görmür. Məsələn, elə o gəlir bəyannaməsi ilə bağlı məsələdə heç bir irəliləyiş yoxdur. Şəffaflığın artırılmasıyla. deyək ki, şirkət sahiblərinin gizliliyin qaldırılması ilə bağlı heç bir addım atılmır. Məhkəmə müstəqilliyi ilə bağlı effektiv addımlar atılmayıb. Və bu məsələdə biz hökümətdən effektiv addımlar görmürük. Niyə görmürük? Əslində, prezident yaxşıdır ətrafı pisdir mövzusu mifdir, yalandır. Çünki korrupsiyadan ən çox yararlanan prezident İlham Əliyev və onun ailə üzvləridir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG