2018-ci ilin Fiziologiya və Tibb üzrə Nobel mükafatı ABŞ-ın Texas universitetindən Ceyms Allison və Yaponiyanın Kioto universitetindən Tasuku Honcoya verilib. Alimlər xərçəngin müalicəsində irəliləyişlərə gətirib çıxaran kəşflərinə görə bu yüksək mükafata layiq görülüblər.
"Allison və Honco immun sisteminin zəifləməsinin qarşısını alan fərqli strategiyaların xərçəng müalicəsində necə istifadə oluna biləcəyini bizə göstərdi'', - deyə, İsveçin Karolinska İnstitutunda Nobel Assambleyası bir milyon dollar mükafatın sahibinin adını açıqladığı bəyanatda bildirib.
Tibb hər il təqdim olunan Nobel mükafatları arasında ilk mükafatdır.
Bu həftə eləcə də fizika və kimya sahələrində Nobel mükafatı laureatlarının adları açıqlanacaq.
Nobel Sülh Mükafatı qalibinin adı isə oktyabrın 5-də Norveç Nobel Komitəsi tərəfindən açıqlanacaq.
Oktyabrın 8-də İsveç Mərkəzi Bankı iqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adını bildirəcək.
Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim edilməyəcək. Buna səbəb cinsi qısnama və maliyyə cinayətləri üzündən akademiyanın 18 üzvdən ibarət gizli heyəti arasında kəskin fikir ayrılığının yaranmasıdır.
Heyət üzvlərinin ömürlük təyin olunmasına baxmayaraq yeddi üzv istefa verib.