Accessibility links

Xəyalə Balabəyova: Pandemiyanın nə zaman sona çatacağını demək hələ tezdir


Xəyalə Balabəyova: Pandemiyanın nə zaman sona çatacağını demək hələ tezdir
please wait

No media source currently available

0:00 0:07:30 0:00

Birləşmiş Ştatlarda hər gün təxminən üç milyondan çox insan vaksinasiya olunur. Lakin ABŞ-ın səhiyyə rəsmiləri ölkədə koronavirusun variantlarının yayılması ilə bağlı xəbərdarlıq edirlər. Səhiyyə ekspertləri yeni yoluxmaların qarşısını almaq üçün vaksinasiya templərini artırmağa və qorunma tədbirlərini davam etdirməyə çağırır. Nyu York ştat universitetində çalışan tibb elmləri doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis, həkim Xəyalə Balabəyova Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatlarda vaksinasiya kampaniyasının uğurlu aparılmasına baxmayaraq, koronavirusa yoluxma hallarında artımın müşahidə edildiyini və pandemiya ilə mübarizədə “sonun hələ yaxın olmadığını” bildirib.

“Elə ölkələr var ki, onlar heç vaksinasiyanı başlamayıblar. Pandemiyanın sonuna hələ yaxınlaşmamışıq və deyə bilmərik ki, bu nə vaxt qurtaracaq.”

Xəyalə Balabəyovanın bildirdiyinə görə, “pandemiyanın sonunun nə zaman yaxınlaşdığını bilmək üçün tədqiqatlara kifayət qədər insanın vaksinasiya olunmasından sonra” başlamaq mümkün ola bilər.

Pandemiyanın qarşısını almaq üçün ancaq bir yol var, o da vaksinasiya olmaqdır.

O hazırda koronavirusun Birləşmiş Ştatlarda Nyu-Yorkda və Kaliforniyada mutasiyalarının, eləcə də Braziliya, Cənubi Afrika, Britaniya variantlarının yayılmasının narahatlıq doğurduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ-da, Avropa ölkələrində həmçinin Azərbaycanda yoluxma hallarının artması yeni variantların sürətlə yayılması ilə əlaqələndirilir.

Amerika Birləşmiş Ştatlarında bu həftə nadir hallarda qan laxtalanması səbəbi ilə Johnson&Johnson şirkəti tərəfindən hazırlanan vaksindən istifadəyə fasilə verildikdən sonra təcili istifadə üçün təsdiq edilmiş iki vaksin – Pfizer-BioNTech və Moderna şirkətlərinin hazırladığı peyvəndlər tətbiq edilir. Azərbaycanda yanvar ayında Çinin SinoVac şirkəti tərəfindən istehsal edilmiş CoronaVac peyvəndi ilə başlamış vaksinasiya kampaniyası davam edir.

Xəyalə Balabəyova pandemiya ilə mübarizədə vaksinlərin əhəmiyyətini xüsusi vurğulayıb.

“Pandemiyanın qarşısını almaq üçün ancaq bir yol var, o da vaksinasiya olmaqdır.”

Onun bildirdiyinə görə, pandemiyanın hələ davam etdiyi mərhələdə koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər və qorunma tədbirlərinə riayət olunmalıdır.

“Yenə də maska taxmalıyıq, yenə də məsafə saxlamalıyıq, yenə də nəyəsə toxununda əllərimizi yumalıyıq, simptomlar olanda ailədən özünü uzaq saxlamalısan.”

Xəyalə Balabəyova koronavirusa qarşı müalicənin olmadığını qeyd edərək, ondan xilas olmağın yeganə yolunun vaksinasiya olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-da qarşıdan gələn bir neçə ay ərzində əhalinin 50 faizdən çox hissəsinin peyvənd olacağı gözlənilir.

“İndi çox işlər görülür ki, iyunun əvvəlinə qədər insanların 75-80 faizi vaksinasiya olsun. Demək olar ki, 75-80 faizə çatandan sonra biz sentyabr-oktyabr aylarında rəqəmlərə baxacağıq ki, ABŞ-da pandemiya nə zaman qurtaracaq.”

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin verdiyi məlumata görə, Birləşmiş Ştatların yetkin əhalisinin 30 faizindən çoxu və ya təxminən 78,5 milyon nəfər tam vaksinasiya olunub.

Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrində 670 milyon vaksin dozalarının çatıdırıldığını bildirib. Lakin təşkilat bu dozaların əsasən zəngin ölkələrlə çatdırıldığını qeyd edərək, vaksin çatışmazlığı problemi ilə bağlı xəbərdarlıq edib.

Con Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin məlumatına əsasən, dünya boyu koronavirusa 138 milyondan çox yoluxma halı və təxminən 3 milyon ölüm halı qeydə alınıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Şərhlərə bax

XS
SM
MD
LG