Accessibility links

Xəzər dənizinin çərçivə konvensiyasının katibliyi təsis ediləcək


Sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliynin Mətbuat xidmətinin məlumatına görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, İran tərəfini isə Xarici İşlər Nazirliyinin Baş idarə rəisi, İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Rza Nəzər Ahari təmsil edib.

Görüş zamanı tərəflər, ilk növbədə, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması ilə əlaqədar məsələni müzakirə edib, konvensiyanın səmərəli tətbiqi baxımından onun katibliyinin fəaliyyətə başlamasının zəruriliyini vurğulayıb və konvensiya tərəflərinin qarşılıqlı anlaşma əsasında bu istiqamətdə tezliklə razılığa gəlməsinin vacibliyini qeyd edib.

2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

Konvensiyaya əsasən Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.

Sənədə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans-xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans-xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Xəzər regionunun xəritəsi
Xəzər regionunun xəritəsi

Konvensiyaya görə, dənizlərin sektorlara bölünməsi materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə tutulmaqla aparılacaq. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq.

Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb. Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG