Accessibility links

Xəzərdə gəmidə yanğın olub


Mayın 8-də axşam saatlarında baş vermiş yanğın nəticəsində Xəzər dənizində "İsrafil Hüseynov" borudüzən gəmisində 14 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyi "İsrafil Hüseynov” gəmisində yanğın baş verdiyini təsdiq edib və yanğının gəmi heyəti tərəfindən söndürüldüyünü bildirib.

AZƏRTAC dövlət agentliyi yazır ki, “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralananlar “Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.

Öz növbəsində “Azadlq” qəzetinin şərhçisi Rahim Hacıyev Reuters agentliyinə istinad edərək Facebook səhifəsində Saipem şirkətinin sabiq rəhbərinin həbsindən və şirkətin fəaliyyətində şübhəli məqamların ola biləcəyini iddia edir.

“Ötən ilin sentyabrında Milan məhkəməsi bu şirkətin artıq keçmiş rəhbəri Pietro Tali haqqında 4 il 9 aylıq cəza hökmü verib. Eyni zamanda məhkəmə şirkəti 197 milyon avroluq pulunu müsadirə qərarı verib.

Bəlli olub ki, şirkətin rəhbərliyi Əlcəzairin Sonatrax dövlət şirkətinə 8 milyard avroluq kontrakt üçün 197 milyon avro rüşvət verib,” şərhçi qeyd edib.

Hacıyev SOCAR-la əməkdaşlığında şübhəli məqamların ola biləcəyini də ehtimal edir.

“Belə çıxır ki, SOCAR-la xüsusi münasibətlər hətta textəhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmaq prinsipinə əməl etməyi italiyalılara unutdurub,” şərhçi yazır.

İtaliyanın "Saipem" şirkəti dünyanın 60 ölkəsində quruda və suda qazma, boru xətlərinin çəkilişi, montajı və digər xidmətləri yerinə yetirir. Şirkətin 320 min işçisi var.

Bakıda ofisi Landmark biznes mərkəzində yerləşir.

XS
SM
MD
LG