Accessibility links

Xəzərin Azərbaycan sektorunda yeni qaz-kondensat ehtiyatları aşkarlanıb


Azərbaycanın Xəzər dənizindəki neft-qaz yataqları
Azərbaycanın Xəzər dənizindəki neft-qaz yataqları

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılıb və ilk qaz-kondensat ehtiyatları aşkar edilibr.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Məlumatda deyilir ki, bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb.

Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq.

“Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində BP şirkətinin operatorluğu ilə aparılıb və SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilib.

Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılıb.

“Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1 100 kvadrat metr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. “Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunub. 7 oktyabr 2010-cu ildə SOCAR və BP şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. Sazişin müddəti 30 il, tərəflərin hər birinin iştirak payı 50 % müəyyən edilib. Sazişə əsasən bp şirkəti 2012-ci ildə “Şəfəq-Asiman” blokunda 3D seysmik ölçü işlərini yerinə yetirib. Əldə edilən məlumatların emalı və interpretasiyası əsasında tərəfdaşlar strukturda qazılacaq ilk kəşfiyyat quyusunun yerini müəyyənləşdirib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, ilk kəşfiyyat quyusu Şəfəq strukurunda qazılıb.

“Bu Xəzərdə suyun ən dərin hissəsində açılan yataqdır. Misal üçün deyim ki, Şahdəniz yatağı suyun 500 metr, Abşeron yatağı 550 metr dərinliyində açılıb. “Şəfəq-Asiman” isə suyun 623 metr dərinliyindədir və geoloji baxımdan mürəkkəb strukturdur,” o qeyd edib.

Xatırladaq ki, ekspertlər bu strukuru ikinci Şahdəniz yatağı qədər ehtiyata malik olacaq blok kimi xarakterizə edir.

XS
SM
MD
LG