Martın 28-də Xaçmaz sakini Təranə Həbibovanın yaşayış evinin pəncərəsindən özünü atması faktı üzrə Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi qaldırılıb. Bu barədə Amerikanın Səsi radiosuna Xaçmaz rayon prokuroru Yusif Cəlilli məlumat verib.
Prokuror həmçinin bildirib ki, mərhum qadının bacı və qardaşı icra başçısına, onun müavinlərinə, polisə hücum çəkdiyinə, onları döydüyünə, hətta bıçaqla xəsarət yetirməyə cəhd etdiklərinə görə onların barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Öz növbəsində, T.Həbibovanın qardaşı Cavid Həbibov Amerikanın Səsinə deyib ki, icra başçısı Şəmsəddin Xanbabayevi vurub və bunun cavabında döyülüb. Onun qabırğası çatlayıb, kəllə-beyin xəsarəti alıb. “Bacımın intihar xəbərini eşidəndə şoka düşdüm, nə edəcəyimi bilmirdim. İcra Hakimiyyətinə gedərək icra başçısı Şəmsəddin Xanbabayevi vurdum. Bundan sonra onun müavinləri Yetkin Mehmanov, Azər Haqverdiyev, Akif Mərdanov, köməkçisi Fuad və sürücüsü məni təpik və yumruqla bərk döydülər”, - o bildirib.
Xatırladaq ki, Həbibovlar ailəsinin qənatəinə görə 49 yaşlı Təranə Həbibovanın intihar etməsinə yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının onun ailəsinə qarşı ədalətsiz münasibəti səbəb olub. Həbibovlar ailəsi dəfələrlə mətbuat konfransı keçirərək bildiriblər ki, hüquq-mühafizə orqanları onların anası Nəcimə Babayevanın qətlini qəsdən araşdırmır. N.Həbibova 2010-cu il noyabrın 15-də öz mənzilində qətlə yetirilib. O, Xaçmazda yerləşən “Arzu” Ticarət Mərkəzinin sahibi olub. Övladları əmindir ki, qətl bu obyekti ələ keçirmək üçün törədilib.
”Bəzi kütləvi informasiya vasitələrində Xaçmaz şəhər sakini, "Arzu" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru Nəcimə Babayevanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin ibtidai istintaqının obyektiv aparılmaması və cinayəti törətmiş şəxsin tutulmamasına etiraz olaraq mərhumun qızı, Quba rayon sakini Təranə Həbibovanın intihar etməsi barədə həqiqətəuyğun olmayan informasiyalar dərc edilib”. Bu barədə isə Baş Prokurorluğun rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir: “ Qeyd edilənlər tərəfimizdən qəti şəkildə təkzib olunur və bildiririk ki, 15 sentyabr 2010-cu il tarixində "Arzu" MMC-nin təsisçisi və direktoru Nəcimə Babayevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə həmin gün Xaçmaz Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal Xaçmaz rayonuna ezam olunub və rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar müəyyən edilərək götürülüb. 20 sentyabr 2010-cu il tarixində iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. İstintaqla müəyyən edilib ki, 2010-cu il sentyabrın 15-də saat 08:45-də Nəcimə Babayeva xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncunun onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edib. M.Məmmədova saat 10:35-də N.Babayevanın yaşadığı ünvana gəlib, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan evə daxil olub və birinci mərtəbədə mətbəxdə N.Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçıb. Bu zaman evin ikinci mərtəbəsində yatan N.Babayevanın qızı Gülnara Həbibova yuxudan duraraq birinci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görüb. Cinayət işi üzrə məhkəmə-tibbi, məhkəmə-tibbi-bioloji,məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizaları keçirilməklə müvafiq rəylər alınıb. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində müxtəlif fərziyyələr ətrafında, o cümlədən N.Babayevanın təsisçisi olduğu müəssisədə ticarətlə məşğul olan, eləcə də tabeliyində işləyən şəxslər tərəfindən öldürülməsi, ticarət mərkəzinin fəaliyyəti ilə əlaqədar onunla münaqişəsi olan şəxslər tərəfindən qisas məqsədilə törədilməsi, N.Babayeva ilə ədavəti olan qonşular, əvvəllər məhkumluğu olan şəxslər tərəfindən törədilməsi və sair fərziyyələr irəli sürülməklə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib, 250-dən artıq şahid dindirilib. Mərhumun övladları Fuad və Gülnarə Həbibovlar iş üzrə Azərbaycan Respublikasının baş prokuroru, Baş Prokurorluğun idarə rəisləri, Baş Prokurorluğun idarə prokuroru tərəfindən mütəmadi olaraq, həmçinin cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən hər həftə qəbul edilir. 27 sentyabr 2010-cu il tarixində cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin vəziyyəti baş prokurorun birinci müavini, baş prokurorun köməkçisi, istintaq qrupunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qrupunun üzvlərinin iştirakı ilə müzakirə edilib, cinayətin açılması üçün bütün fərziyyələr üzrə intensiv əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi qərara alınıb. 1 oktyabr 2010-cu il tarixində Azərbaycanın baş prokuroru tərəfindən istintaqın vəziyyəti barədə KİV-ə məlumat verilib. Hazırda cinayətin açılması istiqamətində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində tam və hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir. 28 mart 2012-ci il tarixində saat 09:00 radələrində N.Babayevanın 1963-cü il təvəllüdlü qızı, Quba rayon sakini Təranə Həbibovanın Xaçmaz rayonunda bacısının yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə əlaqədar hadisə yeri və meyitə rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri dərhal Xaçmaz rayonuna ezam olunub. Fakta görə, həmin tarixdə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, mərhum T.Həbibova qohumunun yas mərasimində iştirak etmək üçün Xaçmaz rayonuna bacısının evinə gəlib və hələlik istintaqa məlum olmayan səbəblərdən intihar edib”.
Hazırda cinayət işi üzrə ibtidai araşdırma baş prokurorun şəxsi nəzarətinə götürülməklə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.