Accessibility links

Xalid Ağaliyev: Avropa məhkəməsinə daha çox ədalətli məhkəmə hüququnun pozuntusundan şikayət edilir


Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarından danışıb.

Amerikanın Səsi: Azərbaycan Avropa məhkəməsinin ən çox qərarlar çıxardığı ölkələr sırasındadır. Bunun səbəbi nədir? Azərbaycan vətəndaşları nədən çox şikayət edir?

Vətəndaşlar daha çox ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusundan şikayət edir. Bundan sonra azadlıq və toxunulmazlıq hüququnun pozulmasından şikayət edirlər. Bunlar da daha çox özbaşına qanunsuz həbslərlə, saxlanılmalarla bağlıdır.

Xalid Ağaliyev: Azərbaycana Avropa Məhkəməsi müstəvisində yanaşdıqda ölkənin adı xüsusuilə 2000-ci ildə önə çıxmağa başladı. Əvvəlki illərdə Avropa məhkəməsinin Azərbaycanla bağlı qərarlarının sayı o qədər də nəzərəçarpacaq qədər də çox deyildi. 2016-2017-2019 cu illərdə ortalama hər il Azərbaycanla bağlı 10-15 qərar çıxarılmışdı. Amma 2020-ci ildə Avropa Məhkəməsi Azərbaycana qarşı 37 qərar çıxarıb, həmin qərarlarda iddia olunan bütün pozuntuları tanıyıb. Bu da Azərbaycanı Avropa məhkəməsi yuristiktiksiyasına daxil olan 5 ölkədən biri edib. Rusiya, Ukrayna, Rumıniya və Türkiyədən sonra Azərbaycan 5-ci ən çox qərar çıxarılmış ölkələrdən biridir. Qərarların sayının çox olmasının səbəbi nədir? İlk növbədə sadə izahı budur ki, vətəndaşlar daha çox Avropa məhkəməsinə müraciət edirlər. Çünki milli məhkəmələrdə ədalət problemi var. İnsanlar burada milli məhkəmələrdə öz hüquqlarının pozuntusunu aradan qaldıra bilməyib. Məcbur olurlar ki, ədaləti Avropa məhkəməsində axtarsınlar. Vətəndaşlar daha çox ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusundan şikayət edir. Bundan sonra azadlıq və toxunulmazlıq hüququnun pozulmasından şikayət edirlər. Bunlar da daha çox özbaşına qanunsuz həbslərlə, saxlanılmalarla bağlıdır.

Amerikanın Səsi: Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda daha çox hansı hüquqların pozulduğunu tanıyır?

Azərbaycanla bağlı Avropa məhkəməsi 25 qərar çıxarıb ki, həmin qərarda seçki hüququnun pozuntusu təsbit olunub. Bu ümumilikdə 80-dən çox deputatlığa namizədlərin seçki hüququnun pozuntusu deməkdir.

Xalid Ağaliyev: Avropa məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarlarda daha çox ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu tanınıb.Təxminən 90-dan çox ərizəçiyə münasibətdə onun ədalətli məhkəmə araşdırılması hüququ pozulub. Bundan sonra azadlıq və toxunulmazlıq hüququnun pozuntusu təxminən 80-nə yaxın ərizəçiyə münasibətdə bu hüququn pozuntusu tanınıb. Ondan sonra gəlir birləşmə hüququnun pozuntusu ilə bağlı xeyli qərarlar qəbul edilib. Seçki hüququnun pozuntusu ilə bağlı xeyli qərarlar qəbul edilib. Azərbaycan bu hüquqlar üzrə pozuntunu Azərbaycanla bağlı münasibətdə daha qabarıq nəzərə çarpır. Elə hüquq pozuntuları var ki, Azərbaycan baxmyaraq ki, təxminən 20 ildir Avropa məhkəməsinin yurisdiksiyasına daxildir, bütün ölkələrdən daha çox pozuntuya yol verib. İlk növbədə seçki hüququ ilə bağlı pozuntu gəlir. Azərbaycanla bağlı Avropa məhkəməsi 25 qərar çıxarıb ki, həmin qərarda seçki hüququnun pozuntusu təsbit olunub. Bu, ümumilikdə 80-dən çox deputatlığa namizədlərin seçki hüququnun pozuntusu deməkdir. Azərbaycan bu kriteriya üzrə Avropa məhkəməsinə daxil olan ölkələr arasında birincidir. Bizdən çox seçki hüququnu pozan başqa bir ölkə yoxdur. İkinci Avropa Konvensiyanın 18-ci maddəsi var. O konvensiyada nəzərdə tutulmuş hüquqlara Konvensiyada nəzərdə tutulduğundan başqa məqsədlərlə müdaxilənin yolverilməzliyi ilə bağlıdır. Həmin maddə üzrə Avropa məhkəməsində indiyə qədər 18 qərar qəbul edib. Həmin qərarların 9-u Azərbaycana qarşı çıxarılıb. Həmin qərarda 14 vətəndaşın hüquqlarının pozuntusu tanınıb. Eyni zamanda birləşmə hüququnun pozuntusu ilə bağlıdır Azərbaycan yaxşı göstəricilərə malik deyil. Avropa məkanına daxil olan Azərbaycan 3 ölkədən biridir ki, o birləşmə hüququnu daha çox pozur.

Amerikanın Səsi: Qərarların icrasında problemlər yaranırmı? Azərbaycan hakimləri Avropa məhkəməsinin presedent qərarlarından istifadə edirmi?

Avropa Məhkəməsinin son statistik bilgilərinə görə Azərbaycan onunla bağlı məhkəmənin çıxardığı qərarların təxminən 85 faizindən çoxunu icra etmir.

Xalid Ağaliyev: Avropa məhkəməsinin qərarlarının icrası Azərbaycanla bağlı məsələlərdə ən problematik məsələdir. Çünki Azərbaycan Avropa Məhkəməsi qərarlarının icrasına görə, bu məkanda birinci ölkədir. Yəni Avropa məhkəməsinin qərarlarını ən pis icra edən ölkədir, təəssüf ki. Avropa Məhkəməsinin son statistik bilgilərinə görə Azərbaycan onunla bağlı məhkəmənin çıxardığı qərarların təxminən 85 faizindən çoxunu icra etmir. Bu kateqoriya üzrə Azərbaycan dediyim kimi, lider ölkədir. Bu kriteriyada məsələn, Azərbaycanı qabaqlayan başqa bir ölkə yoxdur. Avropa məhkəməsinin ümumilikdə Azərbaycanla bağlı çıxardığı və dövlətin üzərinə ümumi və ya fərdi tədbirlər qoyduğu 270-ə yaxın qərar var. İndiyə qədər Azərbaycan həmin qərarlardan təxminən 40-nı icra edib. Yerdə qalan qərarların isə icrası yubanır. Elə qərarlar var ki, qəbul edilməsinin üzərindən 10 ildən artıq vaxt keçib, amma həmin qərarlar hələ də icra olunmayıb. İcradakı problemlər həm ümumi tədbirlərlə bağlıdır, həm də fərdi. Elə işlər var ki, fərdi tədbirlərlə bağlı həyata keçirilməyib, hökumət icra etməyib bunları. Bu daha çox təminatların ödənilməsi ilə bağlıdır. Bir çox, xüsusən müxalif fəallarla münasibətdə təzminatlar ödənilmir. Eyni zamanda xeyli ümumi tədbirlər də Avropa məhkəməsi qərarlarında müəyyən edib ki, həmin tədbirlərə də əməl olunmayıb. Məsələn, jurnalistlərlə bağlı işdə Avropa məhkəməsinin qərarlarını nəzərdə tutur ki, diffamasiya haqqında qanun qəbul olunsun. Bu qərarın üzərindən Eynulla Fətullayev işi, Yaşar Ağazadə işi, bunların qəbul olunmasından 10 ilə yaxın vaxt keçsə də diffamasiya haqqında qanun qəbul olunmayıb. Yaxud 2019-cu ildə alternativ hərbi xidmət haqqında qanunun qəbul olunmasını nəzərdə tutan qərar var idi. Həmin qərar da icra olunmayıb. Çünki həmin dediyimiz alternativ hərbi xidmət haqqında qanun qəbul olunmayıb. Azərbaycanda qərarların icrası məsələsində pis göstəricilərə malik olmasının, eyni zamanda Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münaqişəsi ilə də əlaqəsi var. Avropa məhkəməsi Azərbaycanla bağlı təxminən 100-dən artıq ərizəçiyə münasibətdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb. Hansı ki, onlar Bakıda mənzilləri zəbt olunmuş vətəndaşlardır. Ermənistandan qaçqın düşən insanlar Bakıya gələndə mənzilləri zəbt edib yerləşiblər. Dövlət həmin qərarları icra edə bilmir. Çətinlik çəkir. Bu da Azərbaycanın qərarların icrasındakı pis göstəricisinin müəyyən səbəblərindən biridir. Təsəvvür edin ki, 100 civarındakı ərizəçiyə münsibətdə mülkiyyət hüququnun pozuntusu tanınıb. Hökümət mənzilləri sahibinə qaytarmalı və məcburi köçkünləri o evlərdən çıxarmalıdır. Bunu hələ ki, edə bilməyib. Amma güman ki, tezliklə bunu edib müəyyən məsələlərdə göstəricilərdə yaxşılaşdırmaya nail olmaq olar.

Amerikanın Səsi: Azərbaycanda vətəndaşlara Avropa məhkəməsinə müraciət etməyə kömək etmək üçün hər hansı qurum və ya konsultativ mərkəz varmı?

Avropa məhkəməsi hüququ ilə bağlı davamlı maarifləndirən, bilik verən bacarıqları öyrədən mərkəzlər yoxdur.

Xalid Ağaliyev: Azərbaycanda təxminən 6-7 il bundan əvvələ qədər hansı ki, vətəndaş cəmiyyəti qurumları, QHT-lər üçün fəaliyyət mühiti yaxşı olduğu dövrlərdə mən bildiyim qədər ən azı 4-5 mərkəz var idi ki, vətəndaş cəmiyyəti qurumu, QHT var idi ki, insanlara Avropa məhkəməsinə şikayət etməkdə yardım göstərirdi. Eyni zamanda, hüquqşünasların bilik və bacarıqlarını artırılması sahəsində fəaliyyət göstərirdilər. Elə QHT var idi ki, sırf seçki hüququ sahəsində ixtisaslaşmışdı. Demək olar ki, Avropa məhkəməsinə bu istiqamətdə bütün şikayətləri onlar hazırlayırdılar. Yaxud jurnalist hüququ ilə bağlı çalışan xüsusi ixtisaslaşmış QHT-lər var idi. Amma təəssüflər olsun ki, 2015-2016-cı ildən bəri onların aktiv fəaliyyət göstərməsi üçün ölkədə mühit yoxdur. Amma bunula belə fərdi mütəxəssislər var. Avropa məhkəməsinə şikayətlərin göndərilməsi sahəsində daha çox bunlar məşğul olurlar. Bir neçə vəkil də var ki, onlar da Avropa məhkəməsinə şikayətlərin hazırlanması sahəsində tanınırlar. Amma, bu sahədə mənim fikrimcə xeyli dərəcədə ciddi problemlər var. Çünki Avropa məhkəməsi hüququ ilə bağlı davamlı maarifləndirən, bilik verən bacarıqları öyrədən mərkəzlər yoxdur. Avropa Şurasının özünün müəyyən təlim proqramları var. Amma bunlar Azərbaycan üçün yeterli deyil. Həm bizim hüquq təhsili müəssisələrində Avropa Məhkəməsi hüququ ilə bağlı kifayət qədər imkanlar yoxdur. Eyni zamanda da, bu sahədə püxtələşmiş mərkəzlərin, vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti üçün iş mühiti yoxdur. Bu, fikrimcə ciddi problemdir.

XS
SM
MD
LG