Accessibility links

Xalid Ağaliyev: Azərbaycan Avropa Məhkəməsinin qərarlarını ən az icra edən ölkələrdəndir


Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində 2021-ci ildə Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarları və qərarların icra vəziyyətindən danışıb.

Xalid Ağaliyev: Azərbaycan Avropa Məhkəməsinin qərarlarını ən az icra edən ölkələrdəndir
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Amerikanın Səsi: 2021-ci ildə Avropa Məhkəməsi Azərbaycanla bağlı nə qədər qərar verib? Qərarların spektrini necə xarakterizə edərdiniz?

İndiyədək Avropa Məhkəməsi Azərbaycanla bağlı illik ən çox 800 min avro təzminat müəyyən edib. 2021-ci ildə bu məbləğ 1,9 milyon avroya çatıb.

Xalid Ağaliyev: Əvvəlki illərin göztəriciləri ilə müqayisədə Avropa İnsan Haqları Məhkəməsinin 2021-ci ildə Azərbaycanla bağlı qəbul etdiyi qərar və qərardadların ümüumi çərçivəsi xeyli dərəcədə genişdir. İndiyə qədər olan dövrdə Avropa Məhkəməsi Azərbaycanla bağlı adətən 10-15 arası mahiyyəti üzrə qərar qəbul edirdi. Amma 2021-ci ildə bu göstərici bir neçə dəfə artıb. Son bir il ərzində Avropa Məhkəməsi Azərbaycanla bağlı ümumilkdə 84 qərar və qərardad qəbul edib. Bunların da 30-dan çoxu mahiyyəti üzrədir. Yəni, bu baxımdan biz 4-5 ilin göstəricilərini toplasaq və 2021-ci ildə qəbul edilən qərar və qərardadlarla müqayisə etsək qat-qat artım müşahidə olunur. İndiyədək Avropa Məhkəməsi Azərbaycanla bağlı illik ən çox 800 min avro təzminat müəyyən edib. 2021-ci ildə bu məbləğ 1,9 milyon avroya çatıb. Bu isə indiyədək olan illik təzminatların ən yüksək həddidir.

Hansı işlər üzrə daha çox qərarlar çıxarılıb? Məsələn, ümumilikdə 300-dən artıq ərizəçinin şikayətləri əsasında 80-dən artıq qərar çıxarılıb. Şikayəçilərin içində məsələn, 40-dan çoxu, səhv etmirəmsə 47-i ərizəçi seçki hüququ üzrə şikayət edib. Avropa Məhkəməsi həmin şikayətlərlə bağlı mahiyyəti üzrə qərar çıxarmayıb. Hökumət pozuntuları tanıyıb və dolayısı ilə 50-yə yaxın insanın seçki hüququnun pozuntusu tanınıb. Eyni zamanda təxminən 40-a yaxın ərizəçinin birləşmək hüququnun pozuntusu tanınıb. Bu daha çox qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlıdır. Ümumi xarakterizə etsək, deyə bilərik ki, daha çox pozuntusu tanınan hüquqlar arasında ədalətli məhkəmə araşdırması hüququ önə çıxır. Demək olar ki, işlərin əksəriyyətində pozuntunun ortaya çıxmasında əsas səbəblərdən biri də işlərə ədalətlə baxılmaması olub.

Amerikanın Səsi: Ötən il Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarlarını icra edibmi? İcra vəziyyəti necədir?

Avropa Şurası məkanına daxil olan ölkələrin Avropa Məhkəməsinin qərarlarını icra etməsi sıralamasında Azərbaycan sondan birinci yeri tutur.

Xalid Ağaliyev: Avropa Məhkəməsinin çıxardığı qərarların icra durumu sahəsində, təəssüflər olsun ki, Azərbaycanın göstəriciləri heç də yaxşı deyil. Hətta deyərdim ki, çox pisdir. Çünki, Avropa Şurası məkanına daxil olan ölkələrin Avropa Məhkəməsinin qərarlarını icra etməsi sıralamasında Azərbaycan sondan birinci yeri tutur. İndiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi 300-dən artıq qərar icra mərhələsinə keçib. Qərarların icrasına Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Avropa Şurası Nazirlər Komitəsinin məlumatlarına görə, Azərbaycan indiyədək həmin 300-dən artıq qərarın yalnız 60-a qədərini icra edib. Həmin icralar da tam icra deyil. Məsələn, fərdi tədbirlər icra edilib, amma ümumi tədbirlərin icrasında problemlər qalmaqda davam edir. Hazırda icrasını gözləyən qərarların sayı təxminən 270-ə yaxındır. Bu da Avropa Məhkəməsi yurisdiksiyasının qəbul etmiş ölkələrlə müqayisədə təəssüf ki, çox pis göstəricidir.

Amerikanın Səsi: Bir sıra müxalif və ictimai fəal onların şikayətləri üzrə qərarları Azərbaycan hökumətinin icra etmədiyini bildirir. Qiyas İbrahimiov isə məhkəmənin qərarını Azərbaycan hökumətinin icra etməməsinə etiraz olaraq özünü yandırmağa cəhd edib. Bu iddialarla bağlı fikirləriniz necədir?

İcrası problemli olan qərarların böyük hissəsi daha çox siyasi motivli işlərlə bağlıdır.

Xalid Ağaliyev: Öncə də qeyd etdiyim kimi qərarların icrası xeyli problemlidir. İcrası problemli olan qərarların böyük hissəsi daha çox siyasi motivli işlərlə bağlıdır. Həmin işlərdə hətta fərdi təzminatların ödənilməsində də problem var. Ümumilikdə götürəndə, Avropa Məhkəməsinin qərarlarının icrasında təzminatların ödənilməsində o qədər də ciddi problem görünmür. Amma siyasi motivli işlərdə, məsələn, Qiyas İbrahimlinin işində də təzminatın ödənilməsində ciddi problemlər var. Eyni zamanda, başqa bir neçə nümunə də var. Məsələn, Seymur Həzinin, Tofiq Yaqublunun işi var ki, o qərarların icrasında, təzminatların ödənilməsində problemlər var. Bunu həll etməyin yeganə yolu təzminatları ödəməkdir. Eyni zamanda bir daha o qərarlarla müəyyən edilmiş pozuntuların baş verməməsi üçün ümumi effektiv tədbirlər həyata keçirilməlidir.

Amerikanın Səsi: Avropa Məhkəməsinin qərarları Azərbaycan məhkəmələrində presedent yarada bilirmi? Ümumiyyətlə, Avropa Məhkəməsinin qərarları Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar üçün əsas ola bilərmi?

Avropa Məhkəməsinin təcrübəsi Azərbaycanda hələ də milli məhkəmə siteminin bir parçasına çevrilə bilməyib.

Xalid Ağaliyev: Avropa Məhkəməsinin presedent hüququ məhkəmə sistemində problem olan ölkələrdəki problemləri çözmək üçün çox effektiv vasitələrdən biridir. Biz 13-14 il əvvələ getsək, 2007, 2008, 2009-cu illərə getsək, o dövrlərdə xatırlayıram ki, Azərbaycan məhkəmələri bir neçə jurnalistlə bağlı işlə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək, onları rədd etmişlər. Məsələn, Azadlıq qəzetinin baş redaktorunu bir məmur həbs etdirmək istəyirdi. O, tənqidi bir məqalə yazmışdı. Yasamal rayon Məhkəməsi Avropa Məhkəməsinin presedent hüququna istinad edərək bildirdi ki, ifadə azadlığı təkcə xoşa gələn, mədh edən ifadələrin yayılması deyil, eyni zamanda tənqid, hətta bəzən təhqirə imkan verən bir anlayışdır. Başqa bir neçə belə təcrübə də oldu. Amma təəssüflər olsun ki, o təcrübənin davamı gəlmədi. Hazırda biz təəssüflər olsun ki, heç bir halda deyə bilmərik ki, Azərbaycan məhkəmə sistemi Avropa Məhkəməsinin mütərəqqi təcrübəsinə istinad edir. Müəyyən istinadlar olur. O, daha çox hüquqlara müdaxiləni əsaslandırmaq üçün istifadə olunan presedentlərdir. Amm, ümumilikdə qiymətləndirsək, Avropa Məhkəməsinin təcrübəsi Azərbaycanda hələ də milli məhkəmə siteminin bir parçasına çevrilə bilməyib.

XS
SM
MD
LG