Accessibility links

Xalid Ağaliyev: Dövlətin kiberhücumların qarşısını almaq öhdəliyi var


Xalid Ağaliyev

Media Hüquqları İnstitutunun koordinatoru Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsi

Media Hüquqları İnstitutunun koordinatoru Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində ölkədə sosial şəbəkələrdə profillərin bloklanması, tənqidi və müstəqil mediaya qarşı kibertəhlükələrdən danışıb.

Amerikanın Səsi: Son zamanlar sosial şəbəkələrdə müxalif və tənqidi profillərin oğurlanması, o cümlədən saytların bloklanması ilə bağlı iddialar var. Texniki cəhətdən bu necə mümkün ola bilər? Bunun qarşısının alınması üçün təhkükəsizlik sistemləri mövcuddurmu?

İnternet məkanında olan profilə basqı olunması, hər hansı hücumlarla üzləşməsi ilə bağlı dövlətlərin onları araşdırmaq, onun qarşısını almaq, belə hücumları edənləri mühakimə etmək öhdəliyi var.

Xalid Ağaliyev: Təəssüflər olsun ki, belə hallar mövcuddur. Daha çox belə hallar tənqidçiləri, tənqidi fikirləri ilə tanınan şəxsləri hədəfə götürür. Bu məsələdə mən iki istiqamətdə məsələyə toxunmaq istəyirəm. Birincisi, nə etmək lazımdır, profil istifadəçiləri hansı ki, onlar basqılara məruz qalırlar. Ümumiyyətlə təhlükəsizlik məsələsi burada çox önəmlidir. Hər hansı sosial platformanın özünün qaydaları var. Bu qaydalar təhlükəsizlik məsələlərini də çox geniş mənada əhatə edir. Platformalara görə dəyişir. Təhlükəsizlik tədbirləri bir neçə qatdan ibarət ola bilər. İstifadəçilər birinci növbədə təhlükəsizliklərinin qayğısına daha çox qalmalıdırlar. Başqa, təbii ki, texniki vasitələr, texniki imkanlar ola bilər ki, təhlükəsizliyi artırmaq üçün texniki mütəxəssislər daha yaxşı yol göstərə bilərlər. İkinci tərəfdən hər hansı bir internet məkanında olan profilə basqı olunması, hər hansı hücumlarla üzləşməsi ilə bağlı dövlətlərin onları araşdırmaq, onun qarşısını almaq, belə hücumları edənləri mühakimə etmək öhdəliyi var. Eyni zamanda, hökümət də bu addımları atmalıdır. Əlaqəli qurumlar da insanları, vətəndaşları bu cür basqılardan qorumaq üçün gərəkli olan hüquqi addımları atmalıdırlar. Amma bütün bunlarla yanaşı onu da qeyd eləməyi vacib sayıram ki, hər hansı təhlükəsizlik vasitələrindən çox sıx istifadə olunmaması kimi məsələlər belə basqılara heç bir halda haqq qazandırmır. Bu əməllərin hamısı qanunsuz əməllərdir.

Amerikanın Səsi: Milli Şuranın videokonfrans formatında keçirilən ictimayyət üçün bağlı toplantılarından görüntülər yayımlanıb. Bunun texniki və hüquqi cəhətdən kibercinayət olmasını isbat etmək mümkündürmü?

Xalid Ağaliyev: Hər hansı bir konfransın, hər hansı bir toplantının öz qaydaları olur. Orada iştirak edənlər açıq və ya qapalı olunması ilə bağlı qərar verirlər. Bu baxımdan, əgər qapalı toplantıdan hər hansı bir informasiyanın ötürülməsindən, oradakı görüntülərin çəkilib yazılmasından, yayılmasından söhbət gedirsə bunun adı elə kibercinayətkarlıqdır. Oradakı məzmun kiber üsullarla istifadə olunmaqla toplanıb və yayılıb. Bu keysdə üç istiqamətdə versiya ola bilər. Birincisi, hər hansı istifadəçi texniki baxımdan yalnışlığa yol verib. Və yaxud ehtiyatsızlıq edib və bu ehtiyatsızlıqdan istifadə edən başqa bir kimsə bunu toplayıb yayıb. İkincisi, qapalı keçirilməsi qərarlanan toplantının iştirakçılarından biri bunu edə bilər. Bu da ümumi iştirakçıların qərarına uyğun olmayaraq edilmiş davranışdır. Üçüncü də hər hansı maraqlı bir siyasi qüvvə başqa bir siyasi qüvvə qarşısında üstünlük qazanmaq üçün bunu rəsmi vasitələrdən də istifadə etməklə edə bilər. Yəni bütün hallarda, hər üç halda bunun kibercinayət olmasını istisna etmir. Çünki buradakı məlumatlar görüntülər kiber üsullardan istifadə etməklə əldə olunub və yayılıb. Amma, burada başqa bir məsələ də var. Medianın məsələyə yanaşması. Açıqlanmış toplantı ilə bağlı görüntülərdə ictimai maraq doğuran məsələlər varsa mediaya da onları yayma, açıqlama demək xeyli çətindir. Burada da media baxımından müəyyən etik məsələlər gündəmə gəlir.

Xalid Ağaliyev: Dövlətin kiberhücumların qarşısını almaq öhdəliyi var
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerikanın Səsi: Əgər ölkə ərazisindəki internet resurslarına Ddos hücumları təşkil olunursa hüquq-mühafizə orqanları bunu araşdırmalıdırmı?

Hüquq mühafizə qurumları məsələni mütləq araşdırmalıdırlar və lazımı ölçülər götürməlidirlər ki, bunun növbəti mərhələ üçün çəkindirici effekti olsun.

Xalid Ağaliyev: Bu məsələlərdə Azərbaycanın qoşulduğu konvensiya var, kibercinayətkarlıq haqqında konvensiya . O məsələlər konvensiyada nəzərdə tutulub. Konvensiya hər hansı internet sferasında baş verən qanunsuz addımların , qanunsuz əməllərin araşdırılması, buna yol verənlərin cəzalandırılması ilə bağlı həmin konvensiyanı ratifikasiya etmiş bütün ölkələrin üzərinə öhdəliklər qoyur. Bu öhdəliklər eyni zamanda hər hansı xəbər saytına, ümumiyyətlə, internet resursuna hər hansı basqıların araşdırılması məsələsini də əhatə edir. Azərbaycan cinayət qanunvericiliyində də bu məsələləri dolaysı ilə əhatə edən maddələr var. Basqıya məruz qalan tərəfin də bu məsələni qaldırması ilə hüquq mühafizə qurumları məsələni mütləq araşdırmalıdırlar və lazımı ölçülər götürməlidirlər ki, bunun növbəti mərhələ üçün çəkindirici effekti olsun.

Amerikanın Səsi: Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə sahəsində qanunverecilik Avropa standartlarına uyğundurmu? Azərbaycanda saytların bloklanmasına imkan verən hüquqi aktlar beynəlxalq standartlara cavab verirmi?

Qanunvericilik, mənim fikrimcə, beynəlxalq standartlardan, Avropa Şurasının, Avropa məhkəməsinin təcrübəsindən çox-çox uzaqdadır.

Xalid Ağaliyev: Bir az əvvəl qeyd etdiyim kimi kibercinayətkarlıq haqqında konvensiya var. Azərbaycan həmin konvensiyaya 2009-cu ildə qoşulub və onu ratifikasiya edib. Həmin konvensiyaya qoşulmaqla Azərbaycan öz üzərinə öhdəliklər götürüb ki, kiber məkanda baş verən cinayətlərlə bağlı onlara hüquqi qiymət verilməsinin nəzərdə tutan müddəaları özünün qanunvericiliyinə daxil etsin. Səhv etmirəmsə 2010-2012-ci illərdə Azərbaycanın cinayət məcəlləsinə ayrıca bir fəsil daxil edildi. Həmin fəsil kiberməkanda baş verən cinayətlərlə əlaqəli idi. Bu konvensiyadan irəli gələn addımlar idi və hökümət bunu atıb. Qanunvericiliyin məzmunu ilə bağlı ola bilsin ki, çatışmazlıqlar var. Amma, ümumi standartlar bizim cinayət qanunvericiliyimizə öz əksini tapıb. Eyni zamanda burada saytların bloklanması ilə bağlı qanunvericilik bir qədər fərqli məsələdir. Burada son 3 ildə Azərbaycanda informasiyalaşdırılma haqqında qanuna dəyişiklik edildi. İnternet resursların blok etməyin hüquqi mexanizmləri, qanunvericilik mexanizmləri Azərbaycanda yaradıldı. Həmin qanunvericilik, mənim fikrimcə, beynəlxalq standartlardan, Avropa Şurasının, Avropa məhkəməsinin təcrübəsindən çox-çox uzaqdadır. Bizim qanunvericiliyin məzmunu bundan ibarətdir ki, tutalım hər hansı bir media, 15 ilin, 30 ilin mediası bir məqalədə hər hansı bir yanlışlığa, hansı ki, müdaxilə tələb olan bir məzmuna yol verərsə bir məqalədə həmin medianın internet resursunu bir məqaləyə görə bloklamaq olar. Bu Avropa Şurası, Avropa məhkəməsinin president hüququndan tamamilə zidd yanaşmadır. Onun dəyişdirilməsi bizi xeyli dərəcədə bu sahəfdə Avropa standartlarına yaxınlaşdıra bilər.

Amerikanın Səsi: Qanunvericiliyin icrası sahəsində durum necədir? Bir sıra sayt rəhbərləri icraya yönəldilmiş hər hansı qərar olmadan ölkə ərazisində saytlara girişin bloklandığını bildirir. Bu barədə nə deyə bilərsiniz?

Onlarla saytlar var ki, onların məzmunu dağıdılır. Onlar faktiki olaraq fəaliyyət göstərə bilmir. Əsasən müxalif məzmunlu saytlar buna məruz qalır.

Xalid Ağaliyev: Azərbaycanın cinayət məcəlləsində kiber sferada baş verən kiber cinayətlərə görə məsuliyyət müəyyən olunub. Həmin maddələrin, həmin müəddəların tətbiqi ilə bağlı biz müxtəlif fasilələrlə rəsmi qrumlardan açıqlamalar eşidirik. Məsələn, bəzən eşidirik ki, tutalım ki, hansısa pensiyaçıların kartlarından istifadə olunub kibercinayətə yol verilib. Yəni bu sferada müxtəlif açıqlamaları və müəyyən fəaliyyətləri görürük. Bu sahədə qanunvericiliyin işlədiyini müşahidə edə bilirik. Amma, tutalım başqa nümunələr var. Məsələn, 10-larla saytlar var ki, onların məzmunu dağıdılır. Onlar fakitiki olaraq fəaliyyət göstərə bilmir. Əsasən müxalif məzmunlu saytlar buna məruz qalır. Amma, baxmayaraq ki, həmin medialar bu məsələləri hüquq mühafizə orqanları qarşısında qaldırırlar. Amma, həmin anda qanunvericilik işləmir. Qanunvericiliyin düşüncəsinə görə, subyektlərin düşüncəsinə görə, saytlara qarşı kiberhücumlarla bağlı fərqli tətbiq olunma təcrübəsi var. Eyni zamanda saytların bloklanması ilə bağlı qanunvericiliyin tətbiqinə gələndə, bu qanunvericilik 2017-ci ildə qəbul ediləndən bu yana təxminən 10 sayt blok edilib. Həmin qanunvericilik işə salınıb. Azərbaycanda ən çox oxunan, ən çox izlənən saytlara ölkə ərazisində giriş məhdudlaşdırılıb. Bunlar məhkəmə qərarı ilə baş verib. Amma, qanunvericilikdə başqa məsələlər də var. Məsələn, qanunvericilik nəzərdə tutur ki, hökümət ayrıca bir resurs yaratmalıdır. Həmin resursda bloklanmış saytların siyahısını verməlidir. Həmin saytlara blokun hansı əsaslarla tətbiq edildiyi barədə orada izahat yerləşdirilməldir. Bu çox vacib müddəadır. Hökumət o qanunvericiliyin qəbul edilməsindən uzun müddət ötsə də onlara əməl etmir. Eyni zamanda, mənim bildiyim qədər, təxminən 70 civarında sayt var ki, onların bloklanması heç bir məhkəmə qərarı olmadan həyata keçirilib. Bu məhkəmə qərarı olmasa da belə saytın bloklanması hüquq mühafizə qrumlarının zəruri addımlar atmasını tələb edir. Çünki bir resursa qanunsuz müdaxilə edilib. Bu sahədə də yanaşdıqda, bu məsələni də analiz etdiyimizdə deyə bilərik ki, hökumət bu sahədə də qanunvericiliyin işləyişini təmin etmir. Ümumilikdə götürdükdə istər kiberməkanda baş verən cinayətlərlə bağlı, istər saytların bloklanması ilə bağlı olsun Azərbaycanın qanunvericiliyi standartlara tam uyğun olduğunu söyləyə bilmərik. Çox uzaqdır. Amma əsas problemlərdən odur ki, mövcud olan qanunvericilik də tətbiq edilmir. Tətbiq edildikdə isə bu ayrı seçici formada tətbiq edilir. Bu qanunvericiliyin işləyişi istiqamətində addımlar atılması hüquq mühafizə orqanlarının üzərinə düşən, məhkəmələrin üzərinə düşən tədbirləri görməsi mövcud durumu xeyli dərəcədə yaxşılaşdıra bilər.

XS
SM
MD
LG