Accessibility links

Xameneyi ABŞ-la danışıqların yalnız “zərər” verəcəyini deyib


İranın ali dini rəhbəri Varşavada Yaxın Şərqə dair görüşdən əvvəl çərşənbə günü bildirib ki, ABŞ-la danışıqlar “yalnız maddi və mənəvi baxımdan zərər gətirəcək”. Müzakirələrin diqqət mərkəzində İran İslam Respublikasının Yaxın Şərqdə rolu məsələsinin olacağı gözlənilir.

Ayətullah Xameneyinin bu açıqlamaları onun yeddi səhifədən ibarət bəyanatının bir hissəsini təşkil edir. Onun açıqlanmadan öncə güclü təbliğ edildiyi bəyanatı İranın dövlət televiziyasında oxunub. Bəyanatın açıqlanması həm də İranda 1979-cu ildə İslam Respublikasının 40 illiyinin qeyd edilməsindən iki gün sonraya təsadüf edir.

“Birləşmiş Ştatlara gəldikdə hər hansı bir məsələnin həlli təsəvvüredilməzdir və müzakirələr maddi və mənəvi zərərdən başqa heç bir verməyəcək” –deyə, Xameneyi bildirib.

Ali dini rəhbər hər hansı bir müzakirəni “bağışlanılmaz bir səhv” kimi qiymətləndirib.

Bəyanatın tonu 2015-ci ildə Xameneyinin İran və Birləşmiş Ştatlar arasında beynəlxalq nüvə razılığının imzalanması ilə nəticələnmiş danışıqlara razılıq verdiyi vaxt tonundan kəskin şəkildə fərqlənir. İran və dünya qüdrətləri arasında imzalanmış razılaşmada Tehranın uran zənginləşdirilməsi prosesini məhdudlaşdırması müqabilində İrana qarşı sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulurdu.

İranla nüvə razılaşması keçmiş prezident Barak Obamanın hakimiyyəti dövründə imzalanmışdı.

Lakin seçki kampaniyası zamanı razılaşmanı ləğv edəcəyinə söz verən ABŞ prezidenti Donald Tramp may ayında Birləşmiş Ştatların müqavilədən çıxdığını elan edib. BMT İranın razılaşmanın şərtlərinə əməl etdiyini bildirir, lakin Tehran rəsmiləri uran zəngilənləşdirilməsi proqramını bərpa edəcəkləri ilə hədələyir.

ABŞ və İran arasında gərginliyin artması İranın onsuz da zəifləmiş iqtisadiyyatının daha ciddi çətinliklərlə qarşılaşdığı vaxta təsadüf edir.

Varşavada çərşənbə günü işinə başlayan sammitin diqqət mərkəzində əvvəlcə bütünlüklə İran məsələsinin olacağı gözlənilirdi. Lakin ABŞ iştirakçıların sayının genişləndirilməsi məqsədilə konfransın mövzusunun Yaxın Şərqdə vəziyyətə həsr edilməsi qərarına gəlib.

XS
SM
MD
LG