Accessibility links

Xameneyi yanacaq qiymətlərinin artırılması qərarını dəstəkləyib


İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi Tehranda İranın din xadimləri ilə görüş zamanı, 17 noyabr, 2019.
İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi Tehranda İranın din xadimləri ilə görüş zamanı, 17 noyabr, 2019.

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi hökumətin yanacaq qiymətlərini artırması qərarını dəstəkləyib və ictimai yerlərdə yanğın törədən etirazçıları “quldur” adlandırıb. Bu, nümayişçilərə qarşı mümkün basqıların başlamasına işarə kimi qiymətləndirilir.

Xameneyi bu açıqlamaları İran rəsmilərinin ölkənin bir çox şəhərlərində hökumətin yanacaq qiymətlərini 50 faiz artırması səbəbi ilə keçirilən etirazları yatırmaq üçün İnternetə çıxışı bağladığı vaxt verib.

Qiymət artımının elan edilməsinin ardınca etirazçılar öz avtobillərini əsas şosse yollarında qoyub gedərək, paytaxt Tehran və bir çox digər şəhərlərdə etiraz nümayişlərinə qoşulub. Bəzi şəhərlərdə nümayişlər zamanı etirazçıların yanğınlar törətməsi və atəş açılması kimi hallar baş verib.

Etirazlarda neçə nəfərin yaralandığı, öldüyü və ya həbs edildiyi haqda məlumat yoxdur. İran rəsmiləri şənbə günü bir nəfərin öldüyünü bildirib. Lakin bir sıra video görüntülərdə insanların ağır yaralandığı göstərilib.

Xameneyi bazar günü televiziya ilə nümayiş etdirilən müraciətində detallara toxunmayaraq, “bəzi adamların öldüyü və bəzi mərkəzlərin dağıdıldığını” bildirib. O, etirazçıları əks-inqilabçılar və İranın xarici düşmənləri tərəfindən zorakılıq törətməyə təhrik edilən “quldurlar” adlandırıb.

“Bankı oda tutmaq insanlar tərəfindən edilən bir şey deyil. Bunu quldurlar edir” – deyə, Xameneyi bildirib.

Bununla belə, Xameneyi İranın mötədil hesab edilən prezidenti Həsən Ruhani və başqalarının yanacaq qiymətlərini artırmaq qərarına dəstəyini bildirib. İranda yanacaq qiymətləri hələ də dünyada ən aşağı qiymətlər hesab edilir. Qiymətlərin 50 faiz artmasından sonra bir litr benzinin qiyməti 15 min riala çatıb. Bu, bir litr benzin üçün 13 sent deməkdir. Müqayisə üçün, ABŞ-da bir qallon (təxminən 4 litr) benzinin orta qiyməti 2 dollar 60 sentdir.

Xameneyi təhlükəsizlik qüvvələrinə “öz vəzifələrini yerinə yetirməyə” və İran vətəndaşlarını zorakı nümayişçilərdən uzaq durmağa çağırıb.

Bu, nümayişlərin mümkün dağıdılmasına işarə ola bilər. 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərindəki iqtisadi etirazlar İran polisi və İnqilib Keşikçilərinin könüllülərdən ibarət Bəsic qüvvələrinin kəskin reaksiyası ilə qarşılaşmışdı.

XS
SM
MD
LG