Accessibility links

Xarici İşlər Nazirliyi: “Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır”


Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Laçın rayonunun ermənilərin nəzarətinə keçməsinin 26-cı ildönümü ərəfəsində xüsusi bəyanat yayıb.

“1992-ci il mayın 18-də erməni qüvvələri keçmiş Dağlıq Qarabağın tərkibinə daxil olmayan Laçın rayonunu işğal edib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. Hazırda Laçın rayonunun 77 min nəfərdən çox sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün olaraq yaşayır,” sənəddə qeyd edilir.

Ermənistan qüvvələri dövlət əmlakına və rayonun xüsusi əmlakına ciddi ziyan vurub. Belə ki, 217 mədəniyyət, 101 təhsil müəssisəsi, 142 səhiyyə sistemi obyekti, 462 ticarət müəssisəsi, 30 rabitə müəssisəsi, 2 avtonəqliyyat və digər müxtəlif təyinatlı istehsalat obyektləri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin, talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min ABŞ dollarına satılıb.

Hikmət Hacıyev bildirir ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib.

Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır, deyə bəyanatda qeyd edilir.

XS
SM
MD
LG