Bakının Xəzər Rayon Məhkəməsində Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirləndirilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Report agentliyinin məlumatına görə, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən proses noyabrın 30-da davam etdiriləcək.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin məlumatına görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da saxlanılıb.
Xarici İşlər Nazirliyinin əməkdaşları ilə birgə Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin beynəlxalq hava limanında zabit nəzarətçisi baş leytenant Lətif Zeynalov və nəzarətçi gizir Zaur Qasımlı da həbs edilib. Həmin şəxslərin cinayət işi ayrıca icraata götürülüb və Bakı Hərbi Məhkəməsinə göndərilib.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, adları sadalanan şəxslər Azərbaycana gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alıb, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlər tutublar.
Dövlət Təhlükəsizliyi Xidməti həbs edilən şəxslərin pul alamsını əks etdirən video və fotolar da yayıb.