Accessibility links

Xarici İşlər Nazirliyi: Azərbaycan ATƏT/DTİHB ilə əməkdaşlığını davam etdirməyə hazırdır


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

“Azərbaycan ədalətli və konstruktiv əsasda beynəlxalq tərəfdaşlar, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) ilə əməkdaşlığını davam etdirməyə hazırdır.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə bağlı bəyanatında deyilir.

Nazirlik bildirir ki, Beynəlxalq Seçki Müşhaidə Missiyasının (BSMM) bəyanatında öz əksini tapmış məsələlər, eləcə də 2 ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcək yekun hesabat Azərbaycan hakimiyyət qurumları tərəfindən ətraflı şəkildə təhlil ediləcək.

Parlament seçkiləri
Parlament seçkiləri

XİN bəyan edir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir və ölkəmizin demokratik inkişafı yolunda növbəti uğurlu addımdır.

“Azərbaycan Hökuməti məmnuniyyətlə qeyd edir ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət olunan bütün beynəlxalq təşkilatlar, o cümlədən BSMM-nin tərkibində birləşən təsisatlar dəvəti qəbul edərək seçkilərdə müşahidə missiyası ilə iştirak ediblər. Azərbaycan tərəfinin dəvətini qəbul edərək seçki prosesində müşahidə missiyaları ilə təmsil olunan və bu dövrdə Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq edən bütün beynəlxalq təşkilatlara öz təşəkkürümüzü bildiririk,” sənəddə qeyd edilir.

Nazirlik müşahidə missiyasının ilkin qənaətlər bəyanatında namizədlərin qeydiyyatı prosesinin əhatəliliyi, seçki prosesinin yaxşı idarə olunması, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində şəffaflıq kimi müsbət məqamların, eləcə də çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistan ilə münaqişə ilə əlaqədar, Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilərin təşkilinin mümkünsüzlüyünün, məcburi köçkünlərin seçki hüququnun təmin olunması sahəsində əhəmiyyətli addımların atılmasının təsbit olunmasını təqdir edir.

“BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcək”, Xarici İşlər Nazirliyi bəyan edir.

BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük.
Xarici İşlər Nazirliynin bəyanatından sitat


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçirlən növbədənkənar parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alınıb.

Sənəddə qeyd edilir ki, bəzi perspektivli insanların öz namizədliyini irəli sürmək hüququ imtina edilsə də namizədlərin qeydiyyatı tam əhatəli olub.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticə yönümlü seçimlə təmin olunmayıb.”

Bəyanatda bildirilir ki, bir çox namizədlər seçicilərə çatmaq üçün sosial mediadan istifadə edib, lakin bu, ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının işıqlandırılmasının yoxluğunu kompensasiya edə bilməyib.

ATƏT-in seçki müşahidə missiyası
ATƏT-in seçki müşahidə missiyası

“Çox təəssüf edirəm ki, əldə edilə biləcək irəliləyişlər həqiqi demokratik seçkilərə imkan yaradan rəqabət mühiti ilə nəticələnməyib. Seçki günü səslərin sayılması məyusedici olub. Bəzi real dəyişikliklərə ümid edərdim. Ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının ciddi işıqlandırılmaması, ictimai debatların və televiziyada debatların olmaması cəmiyyətin seçkilərə diqqətinin az olmasının səbəblərindən biridir,” ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov bildirib.

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

Azərbaycan parlamenti 125 deputatdan ibarətdir. İlkin nəticələrə görə, 72 seçki dairəsində iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləri, 43 seçki dairəsində bitərəflər, cəmi bir seçki dairəsində müxalifət partiyasının üzvü olan namizəd liderlik edir.

Digər 10 seçki dairəsində Vətəndaş Həmrəyliyi Partiyasının 3 üzvü, Ana Vətən, Demokratik İslahatlar, Vətəndaş Birliyi, Vəhdət, Vahid Azərbaycan Xalq Cəbhəsi, Demokratik Maarifçilik, Böyük Quruluş partiyalarının hər birindən bir namizəd liderlik edir.

Qanunvericiliyə görə, fevralın 29-dək Milli Məclisə seçkilərin nəticələri yoxlanılmalı və seçkilərə yekun vurulmalıdır. Bundan sonra 10 gün müddətində Konstitusiya Məhkəməsi seçkilərin yekunları və nəticələrini təsdiq etməlidir.

XS
SM
MD
LG