Accessibility links

Xarici İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi bu quruma qarşı "qarayaxma kampaniyası"nın araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, nazirliyə qarşı böhtan kampaniyası aparılır.

"Öncə vurğulamaq istərdim ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişəm. Lakin son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib."

Nazirliyin rəsmisinin sözlərinə görə,vətəndaşın şərəf və ləyaqəti ölkədə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur.

“Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.

Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik," o vurğulayıb.

Son günlər sosial şəbəkələrdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun oğlunun Nyu Yorkda toy mərasimi kimi təqdim edilən mərasimdən video yayılıb. Videoda Məmmədyarovun rəqs etdiyi anın təsviri verilir, amma səs yayımında erməni mahnısı səsləndirilir. Bu videoya təhqirlər də daxil olmaqla çoxsaylı neqativ şərhlər yazılıb.

Eyni zamanda, sosial şəbəkələrdə Məmmədayrovun Nyu Yorkda iki oğluna məxsus ümumilikdə 4,2 milyon dollar qiymətləndirilən iki mənzilə aid olduğu iddia edilən sənədlərin görüntüləri yayılıb.

ABŞ qanunvericliyinə görə, 5 min dollardan artıq pul xərcləmələrinin vergi öhdəliyi barədə bu dövlətin müvafiq qurumlarına məlumat verilməlidir. Sənədləri yayıldığı iddia edilən mənzillərin alınması zamanı ödənilən pulun mənbəyi barədə sənədin təqdim edilib-edilməməsi barədə məlumat verilmir.

XS
SM
MD
LG