Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 10-da yaydığı məlumata görə, Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilİib.
Dövlət Təhlükəsizliyi Xidmətinin iyulun 3-də Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatla bağlı yaydığı məlumatda isə deyilir ki, nazirliyin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin çoxsaylı qanunsuz əməllərə yol vermələrinə dair şübhələr müəyyən edildib.
Molla-zadə və Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Abdullayev rüşvət almaqda ittiham olunurlar. Onların barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Xarici İşlər Nazirliyində baş verən olaylarla bağlı Amerikanın Səsi aşağıdakı suallarla ekspertlərə müraciət edib.
-Xarici İşlər Nazirliynin Konsulluq İdarəsi rəhbərliyi barəsində Dövlət Təhlükəsziliyi Xidmətinin məlumatında açıqlanan faktlar Azərbaycanın təhlükəsizliyi üçün hansı təhdidlər yarada bilər?
- Konsulluq xidmətinə nəzarət edən qurumlar hansı məsuliyyət daşıyır?
- Xarici ölkələrdəki konsul xidmətlərinin fəaliyyətində hansı islahatlar aparılmalıdır?
İsa Qəmbər: Xarici İşlər Nazirliyi Azərbaycanın təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilib
Milli Məclisin keçmiş sədri, Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində bildirib ki, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisinin rüşvət ittihamı ilə həbsi çox böyük biabırçılıqdır.
"Əslində Xarici İşlər Nazirliyi, konsulluq idarələri, səfirliklər dövlətin, xalqın bir siması olmalıdırlar. Dövlətin, xalqın siması olmalı, qapısı olmalı bir strukurda bu cür hallara yol verilməsi dəhşətli dərəcədə utancverici bir hadisədir. Eyni zamanda, təbii ki, ölkənin təhlükəsizliyinə də ciddi təhdiddir. Yəni ayrı-ayrı şəxslərə sənəd verilməsi, viza verilməsi, müxtəlif sənədlərin leqallaşdırılması və sairənin rüşvət müqabilində edilməsi o deməkdir ki, istənilən təhlükəli qüvvələr istədikləri vaxtı Azərbaycan məmurlarına rüşvət verib Azərbaycana gələ bilirlər, gedə bilirlər, burada səndələrini təkmilləşdirə bilirlər. Yadınızdadır, zamanında biz demişdik ki, Milli Təhlükəsizlik Nazirliyi əslində milli təhlükə nazirliyinə çevrilib. Amma, indi gördüyünüz kimi Xarici İşlər Nazirliyi də Azərbaycanın təhlükəsizliyinə ciddi bir təhdidə, öz-özlüyündə xarici təhlükə mənbəyinə çevrilib. Əslinə qalsa, bu, təəssüf ki, Azərbaycanın digər hakimiyyət strukturlarına da, bütövlükdə hakimiyyətə də aiddir."
Ayrı-ayrı şəxlsərə sənəd verilməsi, viza verilməsi, müxtəlif sənədlərin leqallaşdırılması və sairənin rüşvət müqabilində edilməsi o deməkdir ki, istənilən təhlükəli qüvvələr istədikləri vaxtı Azərbaycan məmurlarına rüşvət verib Azərbaycana gələ bilirlər.İsa Qəmbər, Milli Məclisin keçmiş sədri
O, konsul xidmətinə nəzarət edən qurumların məsuliyyəti ilə bağlı sualın cavabında deyib ki, orada açıq-aydın bildirişlər verdilər. "Yəni saxlanılan şəxslər elə ilk ifadələrində bildirdilər ki, 'biz rüşvət almışıq və aldığımızın 20 faizini iki adam arasında 10 faiz, 10 faiz bölüşdürmüşük. Qalan 80 faiz isə guya Xarici İşlər Nazirliyinin xərclərinə gedib.' Hansı xərclərə gedib? Bəs, dövlət büdcəsindən həmin nazirliyə ayrılan pullar hara gedir? Təbii ki, bu bir neçə məmurun cinayəti deyil. Bu cinayətlərə görə Xarici İşlər Nazirliyinin rəhbərliyi də bilavasitə məsuliyyət daşıyır. Əslinə qalsa, bütövlükdə rejim, Əliyev rejimi, Əliyev hakimiyyəti bu rüşvətxorluq faktlarına görə ciddi şəkildə məsuliyyət daşımalıdır."
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri xarici ölkələrdəki konsulluq xidmətlərində islahatlarla bağlı sualın cavabında deyib ki, hakimiyyət islahat sözünü tamamilə biabırçı vəziyyətə gətirib.
"İslahat nəyinsə düzəldilməsi deməkdir. Nəyinsə detallarında nələrinsə dəyişilməsi ola bilər. Tutaq ki, qərar qəbul olunar ki, vizasız səfərləri rəsmiləşdiririk, o ölkənin vətəndaşlarına Azərbaycana vizasız gəlmək icazəsi veririk. Tutaq ki, vizanın verilmə müddəti 45 gün idi, 30 günə, 15 günə endiririk. Tutaq ki, hansısa ölkədən viza almaq istəyənlər 100 avro ödəməli idilər, indi onu 20 avroya endiririk. Bu tipli qərarlar və səfirliklərə, konsulluqlara münasibətdə hansısa dəyişikliklər, konsulluqların kadrlarının artırılması-azaldılması, yeni konsulluqların açılması və sair işlər islahat adı ilə təqdim edilə bilər. Amma, burada islahatdan söhbət getmir, burada söhbət rüşvətxorluqdan gedir. Rüşvət aradan qaldırılmalıdır. Soruşursunuzsa ki, konsulluq idarələrində hansı islahatlar aparılmalıdır? Mən çox sadə cavab verirəm ki, təkcə konsulluq idarələrində deyil, təkcə Xarici İşlər Nazirliyində deyil, Azərbaycan hakimiyyətinin bütün fəaliyyətində rüşvət aradan qaldırılmalıdır. Yalnız bu halda, biz bu cür təhlükələrdən Azərbaycanımızı, xalqımızı qoruya bilərik.
Ərəstun Oruclu: Korrupsiya bataqlığı ölkənin milli maraqlarına ciddi təhlükə mənbəyidir
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəhbər şəxslərinin həbsi ilə bağlı bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin açıqladığı faktlardan ilk növbədə görünən budur ki, Konsulluq İdarəsi korrupsiya maraqları naminə özünün əsas funksiyasını yerinə yetirməyib.
"Bu, isə müxtəlif qismdə və keyfiyyətdə ölkəyə gəlmək üçün viza almağa müraciət edən şəxslərin ətraflı yoxlanılması, müxtəlif məkrli niyyətlərlə (pozuculuq, casusluq, diversiya, terrorizm və s) ölkəyə gəlmək istəyənlərin ətraflı araşdırılaraq aşkarlanmamasıdır. Məhz bunun sayəsində hələ 2018-ci ildə turist qismində Azərbaycana gələnlərlə geri qayıdanların sayı arasında müəyyən fərq yaranıb. Hakimiyyət orqanları bu faktl ictimaiyyətə açıqlamasalar da, bu haqda araşdırma aparılması bizə bəllidir. Ümid edək ki, ölkədə qalmış həmin şəxslərin məqsədi qanunsuz miqrasiya olub, çünki qalan bütün hallarda onlar ölkə üçün təhdid mənbəyi olurlar. Bundan başqa, açıqlama göstərir ki, daim ölkənin ən təmiz qurumu kimi təqdim olunan Xarici İşlər Nazirliyi də qalan bütün dövlət orqanları kimi dərin korrupsiya bataqlığındadır və bunun özü elə, ölkənin milli maraqlarına ciddi təhlükə mənbəyidir. Xüsusilə də söhbət ərazi bütövlüyü pozulmuş ölkədən gedirsə."
Daim ölkənin ən təmiz qurumu kimi təqdim olunan Xarici İşlər Nazirliyi də qalan bütün dövlət orqanları kimi dərin korrupsiya bataqlığındadır və bunun özü elə, ölkənin milli maraqlarına ciddi təhlükə mənbəyidir.Ərəstun Oruclu, ekspert
O konsulluq xidmətinə nəzarət edən qurumların məsuliyyəti ilə bağlı sualın cavabında deyib ki, konsulluq xidmətinə görə ilk növbədə məsuliyyət daşıyan elə xarici işlər nazirliyi və onun rəhbərliiyidir.
"Amma bildiyimiz kimi, istənilən ölkədə xairci işlər nazirliyi ilə ən sıx əlaqədə işləyən digər dövlət qurumları xüsusi xidmət orqanlarıdır. Xüsusilə də Xarici Kəşfiyyat Xidməti. Heç kəsə sirr deyil ki, istənilən ölkənin diplomatik missiyalarında çalışanların arasında kəşfiyyat əməkdaşları da olur ki, onlar da həm konsulluq xidmətinin fəaliyyətinə yardım göstərir, həm də paralel olaraq, öz işlərini yerinə yetirirlər. Odur ki, baş verənlərlə bağlı yəqin ki, Xarici Kəşfiyyat İdarəsinin də mövqeyi araşdırılmalı olacaq, amma buna dair təbii ki, siyasi qərar olmalıdır. Bundan başqa ölkənin Mədəniyyət və Turizm Nazirliyi də baş verənlərdən xəbərsiz olmamalı idi, çünki onlar da ölkəyə turist gətirən firmalarla sıx əlaqədə işləyirlər."
Konsilluq xidmətində islahatlara gəlincə Oruclu bildirib ki, xarici ölkələrdəki konsulluq xidmətlərində islahatlar aparmaq üçün ilk növbədə bir sıra ölkələrlə vizasız gediş-gəliş rejiminə keçmək lazımdır.
"Məsələn, Türkiyədə və Gürcüstanda olduğu kimi, amma təəssüf ki, Azərbaycan bu məsələdə olduqca qapalı siyasət yürüdür. Digər tərəfdən, ölkələrin Azərbaycanın təhlükəsizliyi üçün təhdidlər doğura bilməməsi baxımından təsnifatını tərtib edərək, onların vətəndaşlarına vizaların verilməsi prosedurunu ona uyğun müəyyənləşdirmək lazımdır. Viza alınması və göstərilən digər konsulluq xidmətləri üçün nəzərdə tutulan bütün ödənişləri yalnız köçürmə yolu ilə həyata keçirmək zəruri addımlardan biridir. Zənnimcə əsas tədbirlərdən digəri konsulluq xidmətlərinin fəaliyyətinin mütəmadi yoxlanılması olmalıdır. Atılmalı olan ən əsas addım isə hakimiyyətin bütövlükdə korrupsiya rejimindən çıxaraq şəffaf, qanuni iş rejiminə keçməsidir. Bu, addım atılmayınca qalan bütün tədbirlər heç bir effekt verməyəcək."
Nəzakət Məmmədova: Hər şeyin pulla alınıb-satıldığı Konsulluq İdarəsində dövlət sirri təşkil edən məlumatlar mövcuddur
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova Amerikanın Səsinə bildirib ki, konsulluq əsasnaməsinə görə bu xidmət Xarici İşlər Nazirliyinin rəhbərlik etdiyi diplomatik xidmət orqanları sisteminə daxildir.
Hər şeyin pulla alınıb-satıldığı bir yerdə həmin məlumatların rüşvət müqabilində kənara ötürülməsi, sənədlərin ciddi yoxlanılmadan leqallaşdırılması təhlükəsizliyə zərbə vurur.Nəzakət Məmmədova, beynəlxalq münasibətlər mütəxəssisi
"Deməli, bir sahədə hökm sürən korrupsiya bütün şəbəkəni əhatə edib. Konsulluğun istər mərkəzi aparatında, istərsə də xarici ölkələrdəki şöbələrində baş verən mənfi hallara gəlincə, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində dövlət sirri təşkil edən məlumatlar mövcuddur və hər şeyin pulla alınıb-satıldığı bir yerdə həmin məlumatların rüşvət müqabilində kənara ötürülməsi, sənədlərin ciddi yoxlanılmadan leqallaşdırılması təhlükəsizliyə zərbə vurur. Azərbaycan diplomatik orqanlarının leqallaşma sənədi ilə təmin olunan yerli və xarici vətəndaşların üçüncü ölkə ərazisində hansı fəaliyyətlə məşğul olması qaranlıqdır, onlar Azərbaycan ərazisində leqallaşaraq digər ölkələrdə terror aktları və digər cinayət əməlləri törədə bilərlər. Bu zaman məsuliyyət həmin şəxsləri sənədlə təmin edən Azərbaycanın üzərinə düşür."
İlham İsmayıl: Konsulluq İdarəsində rüşvət təhlükəsizlik baxımından çox ciddi hadisələrə gətirib çıxara bilər
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl Amerikasnın Səsinə bildirib ki, idarəetmə sistemində rüşvətin əsas prinsiplərdən biri olması daxili fəsadlarından çox, dövlətin təhlükəsizliyinə gətirdiyi zərər ölkənin ən vacib strukturlarının fəaliyyətində özünü əyani şəkildə göstərib.
Konsulluq İdarəsində pul, rüşvət müqabilində istənilən xarici ölkə vətəndaşının ölkəyə girməsini asanlaşdıran, tezləşdirən sənədlərin verilməsi təhlükəsizlik baxımından çox ciddi hadisələrə gətirib çıxara bilər.İlham İsmayıl, istefada olan təhlükəsizlik polkovnik-leytenantı
"Xarici xüsusi xidmət orqanları bu faktordan maksimum yararlanırlar. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının İran xüsusi xidmət orqanları tərəfindən ələ alınması, Dövlət Sərhəd Xidməti generalının pul müqabilində sərhədin pozulmasına şərait yaratması, “Tərtər işi” adı ilə məşhur olan Müdafiə Nazirliyinin çoxsaylı hərbiçilərinin pul qarşılığında cəbhənin təmas xəttində düşmənlə iş birliyində olması və sairə hallar dediklərimizə sübutdur. Pul müqabilində bu ölkənin ən müqəddəs sayılan sahələrində belə ən yüksək vəzifliləri əməkdaşlığa cəlb etmək elə bir çətinlik yaratmır. O cümlədən, XİN-in Konsulluq İdarəsində pul, rüşvət müqabilində istənilən xarici ölkə vətəndaşının ölkəyə girməsini asanlaşdıran, tezləşdirən sənədlərin verilməsi təhlükəsizlik baxımından çox ciddi hadisələrə gətirib çıxara bilər. Bildiyiniz kimi ərəb ölkələrindən son illər daha çox turist axını müşahidə olunur. Bu turistlər içərisində kim qarantiya verir ki, İŞİD üzvü, radikal islamçıların terror təşkilatlarının üzvləri də asan şəkildə Azərbaycana daxil olmayacaq? Məlumdur ki, İŞİD üzvləri tez-tez Azərbaycanı hədələyən bəyanatlarla çıxış ediblər. Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var? Bu, ilk növbədə ölkəyə terrorçunun daxil olmasına münbit şərait yaradan səbəblərdən biridir ki, konsulluq idarəsi uzun illərdir bununla məşğul olur."
Ekspertin fikrincə, Konsulluq İdarəsinə nəzarət ilk növbədə XİN-in özündə, daha sonra qanunlara nəzarət edən Baş Prokurorluq tərəfindən həyata keçirilməlidir.
"Başqa, yəni əməliyyat nəzarəti isə əlbəttə ki, kəşfiyyat və əks-kəşfiyyat orqanları tərəfindən yerinə yetirilir. Ona görə də məsuliyyət bu qurumlardan da tələb olunmalıdır. Gördüyünüz kimi DTX bu işi həyata keçirib və şübhəli bilinən şəxslər məsuliyyətə cəlb olunub."
İlham İsmayıl hesab edir ki, xarici ölkədə fəaliyyət göstərən konsulluq idarəsində ayrıca islahat həyata keçirmək məsələnin həlli yolu deyildir.
"Düzdür, hər zaman xaricdə bu xidmətin əməkdaşlarının fəaliyyətinə əməliyyat nəzarətini ölkənin xüsusi xidmət orqanları - DTX və Xarici kəşfiyyat idarəsi həyata keçirir. Amma, islahat ölkənin bütün idarəetmə sistemində olmalıdır ki, konsulluq xidməti də onun içərisində olsun. Rüşvət, pulun idarəetmə sistemində hələ də tuğyan etməsi əlahiddə olaraq bir xidmətdə heç vaxt effekt verməyəcək, olsa da keçici xarakter daşıyacaq. Bütün systemin həqiqi islahata ehtiyacı var."