Accessibility links

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi həbs edilib


Faiq Bağırov
Faiq Bağırov

Xarici İşlər Nazirliyinin daha iki yüksək vəzifəli əməkdaşı, Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyev saxlanılıb.

APA agentlinin məlumatına görə, Faiq Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinir.

Onun barəsində Səbail rayon Məhkəməsinə təqdimat daxil olub. Təqdimata iyulun 10-da hakim Şahin Abdullayevin sədrliyi ilə baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bununla Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində tutulanların sayı 5-ə çatıb.

İyulun 3-də keçirilən istintaq-əməliyyat tədbiri zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunub.

Onların hər üçünün barəsində Səbail Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Fərhad Mollazadə və Səlim Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Nurupaşa Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan edib, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanır.

Həbs edilən Xarici İşlər Nazirliynin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı video materialdan başqa ifadələri açıqlanmayıb. Onların vəkilləri və ailə üzvləri də hələ həbsə münasibət bildirməyib.

DTX-nın yaydığı video görüntülərdə Mollazadənin istintaqa ifadəsindən bir hissəsi yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir. O qanunsuz toplanan pulların 10 faizini özünə, 10 faizini Səlim Əlizadə üçün saxladığını, qalan 80 faizinin nazirliyin problemlərinin həllinə xərcləndiyini deyib.

Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarov yerli mediaya bildirib ki, baş verənlərə təəssüflənir.

“Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur,” nazir qeyd edib.

XS
SM
MD
LG