Accessibility links

Baş Prokurorluq Xədicə İsmayılla bağlı məlumat yayıb


Baş Prokurorluq
Baş Prokurorluq

Baş Prokurorluğun mətbuat xidməti jurnalist Xədicə İsmayılla bağlı “Xədicə İsmayılovanın qanuna zidd əməlləri ifşa edilmişdir” başlıqlı məlumat yayıb.

Məlumatda deyilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin 2014-cü il 20 oktyabrda Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T.Mustafayev Baş Prokurorluğa müraciət edərək həmin KİV-lərdə işlədiyi müddətdə “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş Xədicə İsmayılova tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.

İstintaqla müəyyən edilib ki, T.Mustafayev 2013-cü ilin fevralında “Azadlıq Radiosu”na bölgə müxbiri vəzifəsinə işə qəbul olunaraq həmin redaksiyada jurnalist işləyən X.İsmayılova ilə tanış olmaqla aralarında yaxın münasibətlər yaranıb və mütəmadi olaraq onun mənzilində yaşayıb. X.İsmayılova şəxsi əlaqələrindən istifadə edib ona himayədarlıq etməklə sonuncunun iş fəaliyyətində, məişət şəraitinin qurulmasında və maddi durumunun yaxşılaşmasında bilavasitə köməklik göstərməklə özündən asılı vəziyyətə salıb. Qısqanclıq zəminində münasibətləri pozulduğundan X.İsmayılova redaksiyadakı şəxsi nüfuzundan istifadə edərək 2013-cü ilin noyabrında onun işdən azad edilməsinə nail olub. Bir müddət sonra münasibətləri yenidən normallaşaraq X.İsmayılova onu “Meydan TV” teleradio şirkətinə yüksək ödənişli əməkhaqqı ilə müxbir vəzifəsinə işə düzəltdirib. Lakin T.Mustafayevin başqa qadınla ailə həyatı qurmaq istəyini bildikdə X.İsmayılovanın bilavasitə təhriki ilə o, 2014-cü ilin martında teleradio şirkətindəki işindən çıxarılır.

İstintaqla, həmçinin müəyyən edilib ki, T.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 mayda Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.

Araşdırmalar zamanı X.İsmayılovanın T.Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda, yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də T.Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, X.İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanuna zidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Mətbuat xidməti bildirir ki, toplanmış sübutlar əsasında X.İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hüquqşünaslar Baş Prokurorluğun yaydığı məlumatların şəxsi həyata aid sirlərin yayılması və təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirir.

Hüquqşünas Aslan İsmayılov Turana bildirib ki, prokuroluğun məlumatı ikrah hissi doğurur.

“Ona görə kimin-kimlə yatması prokurorluğun səlahiyyətinə aid məsələ deyil. Bundan başqa əgər sübut növü Tural Mustafayevin ifadəsidirsə, bu yaxınlarda ayrılmış keçmiş nişanlısı təsdiq edir ki, o psixi xəstədir və Maştağa Psixi Dispanserində müalcə kursu keçib. Xədicənin bu ittihamla həbs edilməsi absurddur və biabırçılıqdır.

Bundan az əvvəl 8 milyon insanın izlədiyi video görüntülərdə təsdiqini tapan müharibə əlili Zaur Həsənov Həmkərlar Konfederasiyasının qarşısında həyatına qəsd etdi və Tural Mustafayevdən fərqli olaraq öldü. Himayəsində azyaşlı iuşaqları var idi. Psixi pozuntusu yox idi, əksinə Qarabağ müharivbəsi əlili idi. Onunla bağlı Səttar Mehbalıyeva (Həmkarlar İttifaqları Konfederasiyasının sədri ) qaşın üstə qara deyən olmadı. Bundan başqa prokurorluqdan xuliqanlıq etdiyinə görə qovulmuş oğlu 3 ay sonra Pirallahı rayon Polis Idarəsinə rəis təyin edildi.

Bir də məhkəmə hökmü olmadan Baş Prokurorluq yaydığı məlumatın başlığına “qanuna zidd əməlləri ifşa edilmişdir” ifadəsini çıxarmaqla konstusiya prinsipi olan təqsirsizlik prezumpsiyası kobud şəkildə pozulub”, İsmayılov qeyd edir.

XS
SM
MD
LG