Accessibility links

Elmar Məmmədyarov: Xəzər üzrə konsensus dəniz hüququ nəzərə alınmaqla əldə edilə bilər


“Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir və konsensus hamılıqla tanınmış dünya təcrübəsi və beynəlxalq dəniz hüququnun normalarının nəzərə alınması ilə əldə edilə bilər”.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də Moskva şəhərində keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsində çıxışında bildirib.

Nazir qeyd edib ki, göstərilən səylər Konvensiya layihəsi üzrə uzun illər aparılan işlərin nəticəsinin möhkəmləndirilməsinə xidmət etməli və Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır.

“Bu əsas hüquqi sənəd Xəzər dənizində qarşılıqlı münasibətlərin gələcək arxitekturasının möhkəm təməlini təşkil edərək Xəzər regionunda sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə şərait yaradacaqdır”.

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi

Elmar Məmmədyarov terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin beynəlxalq və regional stabillik və təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizənin bütün xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb etdiyini diqqətə çatdırıb.

O, ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizmin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edbi. Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir.

XS
SM
MD
LG