Accessibility links

Çin prezidenti Vladimir Putini Pekində qəbul edib


Çin prezidenti Şi Tsinpin cümə axşamı Pekində Rusiya prezidenti Vladimir Putini qəbul edib. Görüş Rusiya liderinin iki günlük səfəri çərçivəsində baş tutub.

Kremlin səfər öncəsi bildirdiyinə görə, Şi və Putin "hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıqla bağlı bütün məsələləri ətraflı müzakirə edəcək, Rusiya ilə Çin arasında əməkdaşlığın gələcək inkişafı üçün yeni istiqamətləri müəyyənləşdirəcək".

Kreml liderlərin "ən kəskin beynəlxalq və regional məsələlər üzrə də ətraflı fikir mübadiləsi aparmasının" gözlənildiyini bildirib.

Putin çərşənbə günü Çin mətbuatına müsahibəsində deyib ki, Rusiya Ukraynadakı müharibə ilə bağlı danışıqlara hazırdır.

Çinin dövlətə məxsus Xinhua xəbər agentliyi Putindən sitat gətirib: "Rusiya heç vaxt danışıqlardan imtina etməyib. Rusiya bu münaqişənin sülh yolu ilə hərtərəfli, davamlı və ədalətli həllini axtarır."

Rusiya Ukraynaya 2022-ci ilin fevralında hərbi müdaxilə edib.

Ukrayna prezidenti Volodimir Zelenski sülh planı təklif edib və İsveçrənin gələn ay sülh danışıqlarına ev sahibliyi edəcəyi gözlənilir, lakin Rusiya danışıqlara dəvət edilməyib. Ukrayna Rusiyanın ilhaq etdiyini iddia etdiyi, lakin beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən ərazilər də daxil olmaqla, Rusiya qüvvələrinin Ukraynadan tam çıxmasını istəyir.

Rusiya son bir həftədə Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətinə hücumlarını gücləndirdiyi üçün 8 minə yaxın insan evini tərk etməyə məcbur olub.

Çin Ukrayna münaqişəsində bitərəf olduğunu deyir. Lakin o, iqtisadi, siyasi və ritorik baxımdan Rusiyanı dəstəkləyib və Moskvanın hücumunu pisləməkdən imtina edir.

Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin Təhlili Mərkəzinin baş əməkdaşı Layl Morris Amerikanın Səsinə "Mən Şinin Rusiyanın davam edən hərbi əməliyyatlarını 100% dəstəkləyəcəyini düşünmürəm. Məncə, Putin bunu bilir. Ona görə də, onun əli getdikcə zəifləyir" deyib.

Xinhua xəbər agentliyinin bildirdiyinə görə, Putin Çinin Ukraynadakı böhranın mənşəyini anladığını və vəziyyəti sabitləşdirmək istədiyini deyib.

2022-ci ildə Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxilə etməsindən bir neçə həftə əvvəl, Şi və Putin "limitsiz" ikitərəfli tərəfdaşlıqlarını elan edən bir razılıq imzalayıb. Qərb dövlətləri hərbi müdaxiləyə cavab olaraq, sərt iqtisadi sanksiyalar tətbiq etdikdən sonra Pekin Moskvanın ən etibarlı iqtisadi və diplomatik tərəfdaşına çevrilib.

Forum

XS
SM
MD
LG