Accessibility links

Şi və Putin Pekin danışıqlarında strateji əlaqələri dərinləşdirməyə söz verib


Çin Prezidenti Şi Tsinpin Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Çinlə Rusiya arasında münasibətləri tərifləyib və iki ölkə arasında tərəfdaşlığı dərinləşdirməyə söz verib.

Rusiyanın dövlət RIA Novosti xəbər agentliyinin bildirdiyinə görə, Çinə iki günlük səfərdə olan Putin iki ölkə arasındakı münasibətləri dünyada sabitləşdirici amil adlandırıb və bildirib ki, Rusiya-Çin əlaqələri “heç kimə qarşı yönəlməyib.”

Putin Çinə Ukraynadakı vəziyyəti həll etmək səylərinə görə minnətdarlığını ifadə edib və bildirib ki, o, Şini son baş verənlər barədə məlumatlandırıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edib ki, bu, beynəlxalq qınaqlara və Qərbin Putini qüvvələrini çəkməsi üçün təzyiq göstərmək məqsədilə sanksiyalar tətbiq etməsinə gətirib çıxarıb.

Çinin dövlət Xinhua xəbər agentliyi çərşənbə günü Putindən sitat gətirərək bildirib ki, Rusiya münaqişəyə həll yolu tampaq üçün “heç vaxt danışıq aparmaqdan imtina etməyib” və Rusiya “bu münaqişənin sülh yolu ilə hərtərəfli, davamlı və ədalətli həllini axtarır.”

Ukrayna prezidenti Volodimir Zelenski sülh planı təklif edib və İsveçrənin gələn ay sülh danışıqlarına ev sahibliyi edəcəyi gözlənilir, lakin Rusiya danışıqlara dəvət edilməyib. Ukrayna Rusiyanın ilhaq etdiyini iddia etdiyi, lakin beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən ərazilər də daxil olmaqla, Rusiya qüvvələrinin Ukraynadan tam çıxmasını istəyir.

Rusiya son bir həftədə Ukraynanın şimal-şərqində Xarkiv regionuna hücumlarını intensivləşdirib və nəticədə 8 minə yaxın insan evlərindən qaçmağa məcbur qalıb.

Çin Ukrayna münaqişəsində bitərəf olduğunu deyir. Lakin o, iqtisadi, siyasi və ritorik baxımdan Rusiyanı dəstəkləyib və Moskvanın hücumunu pisləməkdən imtina edir.

Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin Təhlili Mərkəzinin baş əməkdaşı Layl Morris Amerikanın Səsinə "Mən Şinin Rusiyanın davam edən hərbi əməliyyatlarını 100% dəstəkləyəcəyini düşünmürəm. Məncə, Putin bunu bilir. Ona görə də, onun əli getdikcə zəifləyir" deyib.

Xinhua xəbər agentliyinin bildirdiyinə görə, Putin Çinin Ukraynadakı böhranın mənşəyini anladığını və vəziyyəti sabitləşdirmək istədiyini deyib.

2022-ci ildə Rusiya qoşunlarının Ukraynaya hərbi müdaxilə etməsindən bir neçə həftə əvvəl, Şi və Putin "limitsiz" ikitərəfli tərəfdaşlıqlarını elan edən bir razılıq imzalayıb. Qərb dövlətləri hərbi müdaxiləyə cavab olaraq, sərt iqtisadi sanksiyalar tətbiq etdikdən sonra Pekin Moskvanın ən etibarlı iqtisadi və diplomatik tərəfdaşına çevrilib.

Forum

XS
SM
MD
LG