Accessibility links

Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı yürüş keçirilib


Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Bakıda anım yürüşü keçirilib. Aksiyada on minlərlə insan iştirak edib.

Prezident İlham Əliyev, hökumət üzvləri, Milli Məclisin deputatlarının qatıldığı yürüşdə müharibə və insanlığa qarşı cinayətləri pisləyən şüarlar qaldırılıb.

Xocalı faciəsi ilə bağlı yürüş keçirilib.
Xocalı faciəsi ilə bağlı yürüş keçirilib.

Yürüş Azadlıq meydanından başlayaraq Xətai rayonu ərazisində ucaldılmış “Ana fəryadı” abidəsinin önündə başa çatıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanatında deyilir ki, münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb.

“1991-ci ilin oktyabrından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib,” sənəddə qeyd edilir.

Xocalı faciəsi zamanı 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb.
Xarici İşlər Nazirliyinin bəyanatından

Bəyanatda deyilir ki, Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb.

“Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub,” sənəddə deyilir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

Xocalı faciəsi ilə bağlı yürüş keçirilib.
Xocalı faciəsi ilə bağlı yürüş keçirilib.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

XS
SM
MD
LG