Neftçala rayon Xol Qaraqaşlı kənd (Bakıdan 174 kilometr cənub) bələdiyyəsinin sədri Əlibala Səlimov, kənd mədəniyyət evinin bədii rəhbəri İlham Hüseynov və kənd mədəniyyət evinin işçisi Anar Abbasov bələdiyyənin üzvü Vəfa Nağını məhkəməyə verib. Dünən, iyulun 22-də məhkəmədə hakim Əli Tağıyevin sədrliyi ilə hazırlıq iclası olmalı idi. Lakin Vəfa Nağıya çağırış vərəqəsi iyulun 21-də axşam saatlarında çatdırıldığından o, məhkəmənin təxirə salınmasını xahiş edib.
Bu barədə Amerikanın Səsinə müsahibəsində Vəfa Nağı bildirib.
"Ərizələrində mənim Facebook statuslarıma istinad edərək göstəriblər ki, onların işgüzar nüfuzunu zədələyirəm və şəxsiyyətlərini alçaldıram. Buna görə də Cinayət Məcəlləsinin 147.1, 147.2 (Böhtan, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaq) və 148-ci (Təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunmağımı istəyirlər.”
Bələdiyyə üzvü bildirib ki, onların məhkəməyə müraciəti quramadır.
“Onlar bununla məni qorxutmaq istəyirlər. İstəyirlər ki, mən dayanım və ya danışamayım, gözün qorxsun. Bu, əlbəttə bələdiyyə sədrinin quraması əsasında olan müraciətlərdir. Şikayət edənlərdən biri mənim fotolarımı kəndə divarlara asan adamdır, hansı ki, sakinlər onu gördüyünü deyib. Digər şikayəti sakinlərin barəsində altmışdan çox şikayət etdiyi adamdır. O birisi adam da mədəniyyət evinin bədii rəhbəridir və bələdiyyə sədrinin tapşırığını yerinə yetirir.”
Nağı bildirib ki, hər hansı məhkəmədən qorxusu yoxdur.
“Nə torpaq satmışam, nə də rüşvət almışam, çox rahatam. 10 hektar örüş yeri verdirmişəm kənd sakinlərinə, su yoxdur, ianə yığmışam su gətizdirmək üçün, kəndin bəzi yollarını düzlətdirməyi planlamışam. Mənim vermək istədiyim hesabatlar çoxdur, miskin mənzərədə olanlar düşünsün,” o qeyd edib.
Bələdiyyə üzvü Neftçala rayon icra hakimiyyətinin keçmiş başçısının rüşvət, korrupsiya ittihamı ilə həbs edildiyini deyib.
“Sakinlər prezidentin islahatlarla bağlı tapşırıqlarını dəstəkləyir. Yerlərdə insanlar keçmiş icra hakimiyyəti başçısının həbsini müsbət qarşıladılar. Yeni təyin edilən gənc icra hakimiyyəti başçısının köklü islahatlar aparacağına inanırdılar. Təəssüf ki, yeni təyin edilən icra hakimiyyəti başçısı hələ də köklü islahatlara başlamayıb. İcra hakimiyyətinin rəsmi saytına nəzər yetrirdikdə bu açıq görünür,” o qeyd edib.
Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimovla bələdiyyə üzvü Vəfa Nağı arasında münasibətlər ikincinin bələdiyyə büdcəsinin icrası ilə bağlı hesabat tələb edəndən sonra gərginləşib. Bundan sonra Xol Qaraqaşlı kəndində divarlara Vəfa Nağının çimərlik geyimində olan fotoları yapışdırılıb, onun nüfuzdan salınamsı üçün təbliğat aparılıb.
Vəfa Nağı bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət verib və fotolarının bələdiyyə sədri tərəfindən yapışdırıldığını iddia edib.
Vəfa Nağı və bir qrup kənd sakini isə bələdiyyə sədrini qanunsuzluqlar etməkdə günahlandırır.
Bu il iyunun 19-da Vəfa Nağı kənd bələdiyyəsinin sədrinin rüşvət alması hallarının araşdırılması tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.
Vəfa Nağı bildirib ki, bələdiyyə sədri otlaq sahələrini qanunsuz olaraq icarəyə verir, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində verir.
“Kəndin İnkişaf Fonduna ayrılmış 80 hektar torpaq sahəsində oğlunun adına şirkət düzəldib. Kənd camaatı bələdiyyə sədrinin qanunsuz əməllərinin əleyhinə iki dəfə etiraz aksiyası keçirib. Onlar hüquq-mühafizə orqanlarına dəvət edilib, dindiriliblər. Müxtəlif qurumlara 60 şikayət məktubu yazıblar. Amma bu günədək nəticəsi yoxdur,” o qeyd edib.
Səlimov isə bildirib ki, 2019-cu ildə Xol Qaraqaşlı bələdiyyəsinin büdcəsinə 11100 manat pul mədaxil olub.
O, Bələdiyyənin İnkişaf Fonduna aid olan 80 hektar torpaqda oğlunun şirkət yaratması ilə bağlı iddiaya cavabda deyib ki, bu fonda aid torpaqları icarəyə vermək olmaz.
“Bələdiyyənin Ehtiyat Fondu var. O torpaqlardan 9 hektar oğluma icarəyə vermişəm. Yəni sənədi də var, kupçası da var, qayda-qanunla olub. 80 hektar yox, 9 hektar torpaq vermişəm. Burada qanun pozuntusu yoxdur.”
Səlimov rüşvətlə bağlı iddiaya cavabda deyib ki, 2011-ci ildən bələdiyyə üzvlərindən üzvlük haqları nağd şəkildə yığılmır.
“Qanun əsasında vətəndaşlar aldığı torpaqların vergisini poçt vasitəsi ilə bələdiyyənin büdcəsinə köçürür. Rüşvətlə bağlı dedikləri böhtandır. Kənd camaatı bütün instansiyalara 37 şikayət məktubu yazıb. Gəlib yoxlayıblar. Onlar yazır ki, Əlibala Səlimov 700 hektar torpaq satıb, 300 hektar bacısı oğluna, 300 hektar o birisi bacısı oğluna verib. Cəmi 352 hektar bələdiyyə torpağımız var. Gəlib yoxlayırlar, görürlər ki, bunun hamısı böhtandır, yalandır, şantajdır.”
Bələdiyyə sədri kənd camaatının etiraz aksiyaları keçirməsinə münasibət bildirərkən deyib ki, 7-8 adam gedib aksiya keçirib.
“7-8 nəfər Vəfa fikirli adamlar bir dəfə aksiya keçiriblər. Yəni, ona da aksiya demək olarsa. Bələdiyyədə 3750 insan yaşayır. Aksiya edənlər əhalinin heç 0.01 faizini də etmir.”
Sədrin dediyinə görə, şikayət yazanlar camaatı aldadıb ki, dövlət torpaqlarından örüş yeri alacaqlar.
“Bələdiyyənin nəzdində cəmi 9,5 hektar örüş torpaqları var və həmin torpaqdan camaat istifadə edir,” o qeyd edib.
Narazı kənd sakinlərindən biri Amerikanın Səsinə deyib ki, bələdiyyə sədri perspektivli 63 hektar Ehtiyat Fondu torpağını 20 illik zəbt edib. Fondun mərkəzində olan 9 hektar torpağı oğlu Ozal Səlimovun adına özəlləşdirib. 180 hektar Şorsulu torpaqlarını Elşən adlı Salyan rayon sakininə 49 il müddətinə icarəyə verib.
Digər sakin isə bildirib ki, Səlimov İnkişaf Fondu torpaqlarında “Muğan 2017” adlı kooperativ yaradıb. Muğan kooperativi 40 hektar torpağın hər hekatarından 60 sentner pambıq götürüb.
“Bu 240 ton pambıqdan gələn gəlir bələdiyyə büdcəsinə köçürülməyib. Burada bütün xərcləri çıxanda 100 min Azərbaycan manatı qalır. Kooperativ 3 ildir mövcuddur və hər il bu miqdarda pambıq götürülüb. Lakin bələdiyyə büdcəsinə vəsait köçürülməyib. Bundan başqa kolxozlar ləğv olunanda Səlimov sədr olub. O, kolxozun əmlakının çox hissəsini kolxoz üzvləri arasında bölməyib.
“İndi vaxtında bölünməyən kolxoz əmlakında özü, bacısı oğlu, bacanağı ferma saxlayır.”
Neftçala rayonunun Xol Qaraqaçlı bələdiyyəsi 1999-cu ildə yaradılıb.
Bələdiyyəyə Xol Qaraqaşlı, Mürsəqulu kəndləri daxildir. Bələdiyyə ərazisində 3441 nəfər yaşayır.