Accessibility links

Xol-Qaraqaşlı bələdiyyəsində Əlibala Səlimov və Vəfa Nağı qarşılaşması


Vəfa Nağı və Əlibala Səlimov (kollaj)
Vəfa Nağı və Əlibala Səlimov (kollaj)

Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyəsinin (Bakıdan 174 kilometr cənub) üzvü, ictimai fəal Vəfa Nağı avqustun 20-də bələdiyyə üzvlüyündən uzaqlaşdırılıb.

Bu barədə Amerikanın Səsinə Vəfa Nağının özü bildirib.

Vəfa Nağı Türkiyədə olarkən Xol Qaraqaşlı bələdiyyəsində bir-birinin ardınca bir neçə iclas çağırılıb və Nağının iclasda iştirak etməməsini səbəb gətirərək bələdiyyə üzvlüyündən uzaqlaşdırılması barədə qərar qəbul ediblər.

Əlibala Səlimovun bələdiyyə sədri olduğu son 17 ildə heç zaman hər beş gündən bir bələdiyyənin iclası çağırılmayıb.
Vəfa Nağı, bələdiyyə üzvü


"Mən iyulun 25-də İstanbula müalicəyə getdim. Türkiyədə olanda bələdiyyə sədri Əlibala Səlimov beş gündən bir (avqustun 5-də, 10-da 20-də) iclas çağırıb və iclaslara qatılmadığım səbəbindən mənim bələdiyyə üzvlüyündən kənarlaşdırılmağım barədə qərar qəbul ediblər. Halbuki, mən iclaslara qatıla bilməyəcəyimlə bağlı İstanbuldan bələdiyyəyə məktub göndərmişəm," Vəfa Nağı Amerikanın Səsinə bildirib.

O, bələdiyyənin qərarını qanunsuz sayır və məhkəməyə müraciət edəcəyini deyir.

“Əlibala Səlimovun bələdiyyə sədri olduğu son 17 ildə heç zaman hər beş gündən bir bələdiyyəinin iclası çağırılmayıb. İndi isə koronavirus pandemiyası ilə bağlı karantin elan edildiyi bir vaxtda intensiv formada hər beş gündən bir iclas çağırılmasının səbəbi məhz mənimlə bağlı olub. Təsəvvür edin ki, Türkiyədən avqustun 21-də qayıdacağımı bildiyi üçün, son iclası avqustun 20-də keçiriblər. Səlimovun məqsədi odur ki, mən bələdiyyədən uzaqlaşıdırılım, o da köhnə qaydada qanunsuzluqlarını davam etdirsin,” Nağı Amerikanın Səsinə bildirib.

Öz növbəsində, Əlibala Səlimov Amerikanın Səsinə deyib ki, Vəfa Nağı bələdiyyə üzvlüyündən qanunda nəzərdə tutulduğu qaydada uzaqlaşdırılıb. Bununla yanaşı, Səlimov etiraf edib ki, Vəfa Nağının İstanbuldan göndərdiyi məktubu alıb.

Vəfa Nağı dalbadal 4 iclasda iştirak etmədiyinə görə “Bələdiyyələr haqqında” qanunun 22-ci maddəsinin 6-cı bəndinə uyğun olaraq bələdiyyə üzvlüyündən uzaqlaşdırılıb.
Əlibala Səlimov, bələdiyyə sədri

"Avqustun 25-də poçtun müdiri Vəfa Nağının məktubunu mənə təqdim etdi. Məktub Neftçala ərazisinə avqustun 22-də daxil olub. Amma, Vəfa Nağının bələdiyyə üzvlüyündən uzaqlaşdırılması barədə qərar avqustun 20-də qəbul edilib,” o qeyd edib.

Səlimov Xol Qaraqaşlı bələdiyyəsinin bu il ərzində 9 iclasının keçirildiyini bildirib. Bələdiyyə sədri iclasların gec-gec keçirilməsini karantin olması ilə izah edib. Amma karantin olmasına baxmayaraq bələdiyyə üzvləri son 22 gündə (iyulun 30-da, avqustun 5-də, 10-da, 15-də 20-də) beş iclas keçirib. Bələdiyyənin son iclaslarının videosu sosial şəbəkələrdə də yayılıb.

Səlimov Amerikanın Səsinə deyib ki, Vəfa Nağı dalbadal 4 iclasda iştirak etmədiyinə görə “Bələdiyyələr haqqında” qanunun 22-ci maddəsinin 6-cı bəndinə ( ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə bələdiyyə üzvünün səlahiyyətlətinə xitam verilməsininə əsas ola bilər) uyğun olaraq bələdiyyə üzvlüyündən uzaqlaşdırılıb.

“Hüquq komitəsi qanunauyğun olaraq Vəfa Nağı haqqında qərar qəbul edib,” o qeyd edib.

Əhalinin səsverməsi ilə seçilmiş seçkili orqanın üzvü məhkəmə qərarı olmadan hər hansı iclasın qərarı ilə uzaqlaşdırıla bilməz.
Mikayıl Rəhimov, MSK katibi

“Bələdiyyələr haqqında” qanunun 21-ci maddəsinə görə, bələdiyyə üzvünün səlahiyyətlərini itirməsi üçün aşağıdakı əsaslar olmalıdır:

1) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

2) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

3) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

4) vəfat etdikdə;

5) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Amerikanın Səsinə deyib ki, məhkəmənin qərarı olmadan bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilə bilməz.

“Əhalinin səsverməsi ilə seçilmiş seçkili orqanın üzvü məhkəmə qərarı olmadan hər hansı iclasın qərarı ilə uzaqlaşdırıla bilməz. Vəfa xanım məhkəməyə müraciət etsin. Bələdiyyə üzvlərinin iclasının qərarı ləğv edilməlidir,” MSK katibi Amerikanın Səsinə deyib.

Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimovla bələdiyyə üzvü Vəfa Nağı arasında münasibətlər Nağının bələdiyyə büdcəsinin icrası ilə bağlı hesabat tələb etməsindən sonra gərginləşib. Bundan sonra Xol Qaraqaşlı kəndində divarlara Vəfa Nağının çimərlik geyimində olan fotoları yapışdırılıb, onun nüfuzdan salınması üçün təbliğat aparılıb.

Vəfa Nağı bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət verib və fotolarının bələdiyyə sədri tərəfindən yapışdırıldığını iddia edib.

Vəfa Nağı və bir qrup kənd sakini isə bələdiyyə sədrini qanunsuzluqlar etməkdə günahlandırır.

Bu il iyunun 19-da Vəfa Nağı kənd bələdiyyəsinin sədrinin rüşvət alması hallarının araşdırılması tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.

Neftçala rayonunun Xol Qaraqaçlı bələdiyyəsi 1999-cu ildə yaradılıb.

Bələdiyyəyə Xol Qaraqaşlı, Mürsəqulu kəndləri daxildir. Bələdiyyə ərazisində 3441 nəfər yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG